Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 1,3% azalıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 1,3% azalıb
# 15 mart 2021 12:12 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 mlrd. manatlıq, o cümlədən 3,2 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3%, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9%-i ərzaq məhsullarının, 6,3%-i içkilər və tütün məmulatlarının, 16,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6%-i ticarət müəssisələri, 49,9%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3%, fərdi sahibkarlar üzrə 1,6% artıb, bazar və yarmarkalarda isə 15,8% azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR