Deputat: “Beynəlxalq təşkilatların proqnozları göstərir ki, neftin qiymətində kəskin düşmə gözlənilmir”

Deputat: “Beynəlxalq təşkilatların proqnozları göstərir ki, neftin qiymətində kəskin düşmə gözlənilmir”
# 23 dekabr 2020 13:30 (UTC +04:00)

“30 ildir, bizim arzumuzdur ki, işğaldan azad edilmiş ərazilərin bərpasının da daxil olduğu dövlət büdcəsini müzakirə edək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, bu gün bizim iqtisadi, siyasi, sosial siyasətin əsas prioriteti məhz işğaldan azad edilmiş ərazilərin bərpasıdır: “2021-ci ilin büdcəsi qlobal kontekstdə, risklər şəraitində müəyyənləşdirilib. Burada proqnozların dəqiqliyi barəsində ciddi cəhd də göstərməyə dəyməz. İqtisadiyyat nazirinin çıxışı, Hesablama Palatasının rəyi onu deməyə əsas verir ki, bizim iqtisadi artımımız olacaq. Neftin qiyməti ilə bağlı beynəlxalq təşkilatların proqnozları göstərir ki, kəskin enmələr gözlənilmir. İnflyasiya da hansısa kəskin artımlar olmayacaq. Mərkəzi Bankın sədrinin çıxışı da buna əsas verir. Manatın devalvasiyası ilə bağlı 2020-2021-ci illər şok dövr olmasına baxmayaraq, 2014-cü il deyil. Ona görə də devalvasiya gözlənilmir deyə bilərik. “Böyük Qayıdış”ın reallaşmasına yönəldilən 2,2 milyard manat vəsaitin effektivliyinə nail olmaq üçün bura özəl sektoru da cəlb etməliyik. 2021-ci ildə olmasa da, növbəti illərdə özəl sektor da həmin ərazilərə vəsait ayırmalıdır. Həmin vəsaitə nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində daha ciddi tədbirlər görülməlidir”.

Deputat 2021-ci ilin dövlət büdcəsində təhsil kreditlərinə 80 milyon manat vəsait ayrılmasını müsbət yenilik adlandırıb: “Bu vəsaitin xərclənməsi istiqamətində qanunla müvafiq addımlar atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR