"Volvo"nun xalis mənfəəti ötən il 45% azalıb

"Volvo"nun xalis mənfəəti ötən il 45% azalıb
# 03 fevral 2021 12:30 (UTC +04:00)

Ötən il İsveçin avtomobil istehsalçısı olan "Volvo Group" konserninin xalis mənfəəti 2019-cu illə müqayisədə 45% azalaraq 20,074 mlrd. İsveç kronu (təxminən 2,4 mlrd. ABŞ dolları) təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat ilində şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 2019-cu ildəki 17,64 krona (2,1 dollar) qarşı 9,5 kron (1,13 dollar) təşkil edib. Bununla belə, şirkətin gəliri 21,7% azalaraq 338,446 mlrd. krona (40,3 mlrd. dollar) enib.

Ötən ilin IV rübündə "Volvo" 9,36 mlrd. kron (1,11 mlrd. dollar) məbləğində xalis mənfəət eldə edib, bu da əvvəlki illə müqayisədə 37% çoxdur. Hesabat rübündə şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 2019-cu ildəki 3,27 krona (0,39 dollar) qarşı 4,53 kron (0,54 dollar) olub. "Volvo"nun rüblük gəliri 8% azalaraq 96,917 mlrd. kron (11,5 mlrd. dollar) təşkil edib.

Qeyd edək ki, 1927-ci ildə təsis edilən və baş qərargahı Höteborq şəhərində yerləşən "Volvo" şirkəti yük maşınları, avtobuslar, inşaat texnikası, eləcə də dəniz və sənaye mühərrikləri istehsalında dünya liderlərindən biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR