MBNP və "Visa" arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

MBNP və "Visa" arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
  • Clock-gray 11:22
  • calendar-gray 10 Sentyabr 2019

“Visa Inc” beynəlxalq kart təşkilatı ilə Maliyyə Bazarına Nəzarət Palatası (MBNP) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, bunu “Visa Token” xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransında “Visa”nın Qafqaz, MDB və Cənub-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, bu memorandum ölkədə yeni ödəniş texnologiyalarının tətbiqinə imkan yaradacaq.

K. Doroş tərəfindən “Visa Token” xidməti və onun üstünlükləri, ölkədə rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər haqqında ətraflı məlumat verilib.

MBNP-nin Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov tərəfindən isə ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər haqqında məlumat açıqlanıb. Eyni zamanda, “Visa Token” xidmətinin Azərbaycanda tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi qeyd edilib.

“Visa Token” xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcək.

Tərəflər arasında anlaşma memorandumu ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date