Gürcüstanda yeni ictimai hərəkat yaradılıb

Gürcüstanda yeni ictimai hərəkat yaradılıb
  • Clock-gray 12:33
  • calendar-gray 12 Sentyabr 2019

Gürcüstanda "TBC Bank"ın yaradıcılarından olan biznesmen Mamuka Xazaradze yeni ictimai hərəkatın əsasını qoyub.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Sameqrelo-Zemo Svaneti rayonunun Anaklia qəsəbəsində keçirilən təqdimat mərasimində hərəkatın adının "Cəhd et" olaraq müəyyənləşdirildiyi açıqlanıb.

M.Xazaradze bildirib ki, yeni hərəkat Gürcüstanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə xidmət edəcək: "Bu hərəkat Gürcüstanın qonşuluq, bölgə və dünya xəritəsinə birdəfəlik qayıtması üçün çoxlu sayda iş və fürsət yaradacaq".

M.Xazaradze yeni ictimai hərəkatın 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini də açıqlayıb. Onun sözlərinə görə, hərəkat seçkilərdən əvvəl heç bir siyasi qüvvə ilə əməkdaşlıq etmək niyyətində deyil və indiki mərhələdə seçkilərdə müstəqil şəkildə iştiraka qərar verib. 

"Biz 2020-ci ildə keçiriləcək seçkiləri qazanmağa yönəlmiş bir qüvvə yaradırıq, bunu çox ciddi şəkildə bəyan edirik. Çünki bu hərəkatın sıralarında fərqli istiqamətlərdə, sənaye sahələrində konkret nəticələr əldə etmiş insanlar yer alacaq. Heç kimlə əməkdaşlıq etməyəcəyik. Seçki məntəqələrinə tanınmış siyasətçilər olmadan, müstəqil gedirik", - deyə M.Xazaradze bildirib. 

Qeyd edək ki, hərəkatın bu ilin oktyabr ayında siyasi partiyaya çevriləcəyi bildirilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date