Moskvada keçirilən “Şəhər günü”, Tverskayaya köçürülən “Azərbaycan” pavilyonu - REPORTAJ

Moskvada keçirilən “Şəhər günü”, Tverskayaya köçürülən “Azərbaycan” pavilyonu - REPORTAJ
# 07 sentyabr 2019 16:40 (UTC +04:00)

Moskva şəhərinin yaranmasından 872 il ötür.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu münasibətlə Rusiya paytaxtında 7-8 sentyabr "Şəhər günü" kimi qeyd olunur.

Bu gün və sabah paytaxtın mərkəzi küçələrində bayram tədbirləri keçirilir.

Budəfəki "Şəhər günü" bayramının əsas mövzusu isə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi kompleksinin (VDNX) 80 illiyidir.

Bu gündən etibarən Moskvada 1500-ə yaxın bayram meydançası fəaliyyət göstərir. Bayramın keçirildiyi əsas məkanlar "Əfsanənin doğuluşu", "Dirçəlişin proqramı", "Görüş yeri" və "Yeni era" meydançalarıdır. Bu meydançalar VDNX-nın yeni görünüşünə həsr olunub və Tverskaya, Moxavaya, Oxotnıy ryad və Teatralnıy küçələrində yerləşdirilib. Burada VDNX-da yerləşən pavilyonların, fontanların, ümumilikdə 30-dan çox art-obyektin maketləri quraşdırılıb.

Maketlər elə quraşdırılıb ki, sanki bütün VDNX-nı götürüb Moskvanın mərkəzinə, Tverskaya küçəsinə köçürüblər.

VDNX-nın simvolu olan "Fəhlə və Kolxozçu" abidəsi də Tverskoyda qurulub.

VDNX-nın incilərindən biri sayılan "Azərbaycan" pavilyonu Moskvanın mərkəzinə gətirilib. Moskva meriyası ilə paytaxtın əsasını qoyan Yuri Dolqorukovun abidəsinin düz yanında quraşdırılan "Azərbaycan" pavilyonunun maketi əslindən heç də fərqlənmir.

Maketin üzərində Sovet İttifaqında olduğu kimi "Азербаjчан ССР" yazılıb. Həm çöldən, həm də içəri tərəfdən pavilyon VDNX-dakı əslinin təkrarıdır.

Moskvanın yaranışını bayram edən paytaxt sakinlərinin "Azərbaycan" pavilyonuna marağı böyükdür. Pavilyonu təkcə xaricdən müşahidə etmək deyil, içərisinə də daxil olmaq mümkündür. Bayram günlərində burada uşaqlara rəsm çəkməklə bağlı ustad dərsləri keçirilir.

VDNX-nın 80 illiyi münasibəti ilə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi kompleksinin ərazisində konsert proqramı da təşkil olunub. Konsert proqramında Rusiya Prezidenti Vladimir Putin, Baş Nazir Dmitri Medvedyev, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev və digər rəsmi şəxslər iştirak ediblər.

Konsert proqramında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. O, konsertdə simfonik orkestrin müşayiəti ilə "Mənim Azərbaycanım" mahnısını ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR