Nəsimi rayonunda abidənin üzərinə quraşdırılan məişət qurğuları sökülüb

Abidənin üzərinə quraşdırılan məişət qurğuları sökülüb

© APA | Abidənin üzərinə quraşdırılan məişət qurğuları sökülüb

# 13 aprel 2022 10:53 (UTC +04:00)

Bir müddət öncə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 174 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinin fasad hissəsinə məişət qurğularının Azərbaycan Respublikasının “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna zidd yerləşdirildiyi aşkar edilib.

Xidmətdən APA-ya verilən xəbərə görə, Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə mütəxəssislərdən ibarət qrup həmin tarixi abidəyə yerində baxış keçirib və qanunsuz yerləşdirilmiş məişət qurğularının sökülməsi təmin edilib.

"Qanunsuz müdaxilələrə qarşı tədbirlər mütəmadi davam etdiriləcək. Abidələrin memarlıq üslubuna, xarici görkəminə və bədii-estetik xüsusiyyətlərinə xələl gətirəcək bu kimi hallara qarşı vətəndaşların, xüsusi ilə tarixi tikililərin xüsusi mülkiyyətçilərinin daha diqqətli olmaları tövsiyə edilir", - məlumatda deyilir.

Qeyd edilib ki, daha öncə Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinə uzun illər ərzində edilmiş qanunsuz müdaxilələrin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən pilot layihə çərçivəsində 12 ünvanda yerləşən dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR