"Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda konfrans keçirilib

"Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda konfrans keçirilib
# 21 aprel 2022 12:44 (UTC +04:00)

“Şuşa ili” tədbirləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

APA xəbər verir ki, konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.

Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş torpaqlarda başlanan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışıb: "Məqsəd Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təklifləri hazırlamaqdan ibarətdir”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə gələcək illərdəki planları qeyd edib: "Əminəm ki, 2022-2026-ci illərdə silsilə bərpa prosesi davam edəcək və Şərqi Zəngəzur və Qarabağ bölgəsinin abadlaşdırılmasına töhfə verəcək”.

Sonra Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr olub.

Qeyd edək ki, konfrans həm onlayn, həm də əyani formada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR