Rövşən Məmmədov AzTV-yə sədr təyin olunub - SƏRƏNCAM

Rövşən Məmmədov AzTV-yə sədr təyin olunub - SƏRƏNCAM
# 04 sentyabr 2019 11:03 (UTC +04:00)

Prezident İlham Əliyev Rövşən Raqif oğlu Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Prezidentin digər sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Rövşən Raqif oğlu Məmmədov 15 iyun 1979-cu ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr, 2002-ci ildə isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib. 2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nda fəlsəfə doktoru dərəcəsi alıb. 2016-cı ildə isə Bakı Slavyan Universitetinin “Filologiya və jurnalistika kafedrası”nda “Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə sahib olub.

3 kitab müəllifi olan R. Məmmədovun 40-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr edilib.

R. Məmmədov müxtəlif vaxtlarda Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universitetində, hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Jurnalistika fəaliyyətini davam etdirən Rövşən Məmmədov uzun müddət “Lider” Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub. R. Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olub. Daha sonra isə "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub.

O, bu il yanvarın 15-də AzTv-nin sədr müavini təyin olunub və bu günə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib. R. Məmmədov ölkə Prezidentinin sərəncamı ilə 20 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR