Mətbuat Şurası mətbuat yayımı sahəsində vəziyyətlə bağlı dəyirmi masa keçirib

Mətbuat Şurası mətbuat yayımı sahəsində vəziyyətlə bağlı dəyirmi masa keçirib
# 14 mart 2007 15:19 (UTC +04:00)
Bu gün Mətbuat Şurası (MŞ) mətbuat yayımı sahəsində vəziyyətlə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə MŞ sədri Əflatun Amaşov çıxış edərək, enerji daşıyıcılarının qiymətinin qalxmasından sonra mətbuat yayımı sahəsində vəziyyətin ağırlaşdığını deyib. Onun sözlərinə görə, bahalaşmadan sonra yayım firmaları qəzetlərin yayım qiymətini qaldırmaq məcburiyyətində qalıb. “Azərmətbuatyayımı” İstehsalat Birliyinin sədri Vüqar Səfərov isə yayımı ilə məşğul olduqları qəzetlərin bəzilərinin ayda 1-3 manatdan çox gəlir gətirmədiyini, əksəriyyətinin geri qayıtdığını deyib. V. Səfərov gələcəkdə bəzi qəzetlərin yayımını dayandırmaq məcburiyyətində qalacaqlarını da bildirib. Onun sözlərinə görə, vəziyyətdən yeganə çıxış yolu qəzetlərin satış faizinin yüksək olmasıdır: “Həmin qəzetlərin nümayəndələrini çağırıb söhbət edəcəyik. Yayımı ilə məşğul olduğumuz mətbuat orqanı satılarsa, bizim üçün də səmərəli olar. Qəzet satılmırsa, biz yayımın qiymətini necə aşağı sala bilərik?” “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu əvvəllər olduğu kimi indi də poçtalyonların xidmətindən istifadə edilməsinin vacibliyindən danışıb. Baş redaktor poçtalyonların xidmətindən rayon və kəndlərdə istifadə olunmasının xeyirli olacağına inandığını bildirib. “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə problemin həlli üçün rəqabət mühitinin yaradılmasını və yayım sistemində neqativ halların aradan qaldırılmasını təklif edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR