ATƏT nümayəndəsi ilə birgə dezinformasiyanın təsiri müzakirə olunub - FOTO

ATƏT nümayəndəsi ilə birgə dezinformasiyanın təsiri müzakirə olunub  - FOTO
# 26 aprel 2022 17:25 (UTC +04:00)

ADA Universitetində ATƏT-in mətbuat azadlığı üzrə koordinatoru Tereza Ribeyronun iştirakı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda müzakirə keçirilib.

APA xəbər verir ki, Tereza Ribeyro deyib ki, bu mövzu bu gün çox vacibdir.

“Xüsusilə də regionda təhlükəsizlik vəziyyətini nəzərə alsaq deyə bilərik ki, dezinformasiya ilə mübarizə heç vaxt bu qədər vacib olmayıb. Biz pandemiya dövründə dezinformasiyanın necə təsir etdiyini, iqtisadiyyatlara necə təhlükə yaratdığını gördük”, - o bildirib.

ATƏT nümayəndəsinin sözlərinə görə, zəngin kommunikasiya texnologiyaları imkan verir ki, insanlar müxtəlif mənbə və resurslardan istifadə edərək informasiya əldə etsin.

Tereza Ribeyro qeyd edib ki, bu gün şəxslər internetdən götürdükləri saxta informasiyalara inanır, onu bilmədən yayırlar, çünki o sadədir, inandırıcı səslənir beləliklə yanlış informasiyaya tələb artır: “Xüsusilə sosial mediada dezinformasiya geniş yayılır, ondan məqsədli şəkildə istifadə olunur. Fakt və uydurma arasında sərhəd itir”.

Tereza Ribeyron çıxışında ATƏT regionunda jurnalistlərin təhlükəsizliyi barədə də danışıb. O deyib ki, jurnalistlər hücuma, fiziki zorakılığa məruz qalır, onlar hədəfə çevrilir: “Bizim bu məsələyə hər tərəfli yanaşmamız vacibdir. Jurnalistlərin təhlükəsizliyi azad və sərbəst fəaliyyəti təmin olunmalıdır. Media azadlığı olmadan təhlükəsizlik təmin oluna bilməz. İctimai maraqlara uyğun, azad, sərbəst jurnalistika vacibdir. Bizim etibarlı jurnalistlərə ehtiyacımız var ki, onlar bizi nələrin baş verdiyi barədə məlumatlandırsınlar”.

ATƏT rəsmisi diqqətə çatdırıb ki, informasiyanın azad yayılması, jurnalistlərin təhlükəsizliyinin təminatı üçün hüquqi baza vacibdir: “Medianın senzurası inamsızlığı gücləndirir, demokratiyanı deyil. Biz media və fikir azadlığının beynəlxalq prinsiplər çərçivəsində təmin olunduğuna əmin olmalıyıq”.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, informasiya və rəqəmsal media mühitləri mövcuddur. O əlavə edib ki, rəqəmsal media qlobal səviyyədə öndədir.

İcraçı direktor media mühitinin təhlükəsizliyi ilə bağlı mexanizmin, davranış qaydaları ilə bağlı kodeks və dəyişikliklərin vacibliyini qeyd edib: “İfadə azadlığı və media azadlığını qorumaq üçün normalar mövcuddur. “Media haqqında” Qanunun ilkin məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın inkişafına təkan vermək. medianın cəmiyyəti informasiya ilə təmin etməsini stimullaşdırmaqdır”.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov çıxışında medianın qlobal rolundan danışıb. O, dezinformasiyanın yaranma səbəblərinə, sürətlə yayılmasına toxunub:

"Jurnalistika bir elm, sənət kimi aradan çıxır, çünki bu gün telefonu olan şəxs özünü jurnalist hesab edir. Dezinformasiya qəsdən ötürülür, kütlənin manipulyasiya etmək xarakteri daşıyır. Bu, həm də qeyri-peşəkarlıqdan qaynaqlana bilər”.

Dezinformasiyanın qarşısının alınması ilə bağlı danışan Rövşən Məmmədov deyib ki, bu, çətin prosesdir, ancaq beynəlxalq təcrübədən istifadə edərək bununla mübarizə mümkündür.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli çıxışında sosial şəbəkələrə toxunub. O deyib ki, dezinformasiyanın yayılmasında sosial şəbəkələr bəzən fəal rol oynayır. Bununla mübarizə üçün də media savadlılığı gücləndirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR