Emin Həsənli: “Heç vəchlə yol vermək olmaz ki, ordunun nüfuzuna xələl gətirilsin”

Emin Həsənli

© APA | Emin Həsənli

# 28 iyul 2022 15:58 (UTC +04:00)

“Dövlət sirrini qorumaq və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun davranmaq hər birimizin borcudur”.

Bunu APA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycanın hazırkı durumunda Silahlı Qüvvələrdə gedən prosesləri çılpaqlığı ilə istər KİV-də, istərsə də sosial şəbəkələrdə yaymaq məqsədə müvafiq deyil: “Hamımız yaxşı dərk edirik ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin əsas dayaqlarından biridir. Məhz bu ordunun sayəsində biz Vətən müharibəsində qalib gəldik. Amma bizim bu qələbəmizi həzm edə bilməyən qüvvələr var. Eyni zamanda düşmən də revanş hissləri ilə yaşayır. Hazırda ordumuzun daha mükəmməl duruma gətirilməsi üçün müəyyən islahatlar və kadr dəyişikliyi həyata keçirilir. Yeni komando briqadaları yaradılması və digər işlər görülür. Belə bir durumda Silahlı Qüvvələrin nüfuzuna xələl gətirəcək informasiyalar görülən işlərə kölgə sala bilər. Bu isə indiki durumda nə Azərbaycan dövlətinin, nə Azərbaycan vətəndaşını maraqlarına cavab vermir. Buna görə də diqqətli olmaq lazımdır”.

Emin Həsənli Azərbaycan Ordusunun sağlamlaşması prosesində informasiya resurslarının rolunu yüksək qiymətləndirir və hesab edir ki, bu resurslar Silahlı Qüvvələrin nüfuzuna xələl gətirən informasiyaların yayılmasından çəkinməlidir: “Əlbəttə ki, istər dövlətin, istərsə də dövlətin mühüm sütunu olan ordunun sağlamlaşdırılmasında informasiya resurslarının da rolu var. Amma bu resurslardan düzgün və dövlət maraqlarına uyğun istifadə olunması çox vacibdir. Orduya müxalifət gözü ilə baxmaq olmaz. Hər bir vətəndaşın, hər bir informasiya resursu ilə işləyən jurnalistin, blogerin vəzifəsidir ki, Azərbaycan ordusunun, Ali Baş Komandanın nüfuzunu yüksək tutsun. Bunun üçün əlindən gələni etsin. Azərbaycan Respublikası Baş Prokurorluğu belə halların araşdırılması və Azərbaycan Silahlı Qüvvələrinin nüfuzuna xələl gətirən informasiyaların yayılması ilə bağlı monitorinqlər aparır və bu yöndə fəaliyyət göstərən destruktiv qüvvələrlə ciddi mübarizə aparır. Ötən gün bununla bağlı bir nəfərə inzibati həbs cəzasının verilməsi və bir neçə sayt rəhbərinə xəbərdarlıqların edilməsi digərləri üçün də dərs olmalıdır”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin bu yöndə apardığı maarifləndirmə işlərindən danışan Emin Həsənli son illər istər KİV təmsilçiləri ilə, istərsə də aktiv sosial şəbəkə istifadəçiləri arasında görülən işlərdən də danışıb.

“Biz ictimai birlik olaraq bu sahədə müəyyən işlər görürük. Əvvəllər QHT Şurası, indi isə QHT Agentliyi tərəfindən dəstəklənən layihələrimizdə media mənsublarını bir araya gətirib Azərbaycan dövlətinin dayağı olan Silahlı Qüvvələrimizin imicinə zərər vuran meyllərdən kənar durmağı təşviq edirik. Heç vəchlə yol vermək olmaz ki, Azərbaycan ordusunun nüfuzuna xələl gətirilsin. Biz istər aktiv sosial şəbəkə istifadəçisi olan gəncləri, istərsə də jurnalistləri yabançı təsirlərdən qorumağa çalışırıq. Ordu hamımızın ordusudur. Ordunun nüfuzu hamımız üçün prioritet olmalıdır. Çalışmalıyıq ki, ordumuz daha möhkəm, daha mükəmməl olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR