MEDİA: Fotomüxbirlər reyestrdə qeydiyyatdan keçə biləcək, fotoqraflar yox

MEDİA: Fotomüxbirlər reyestrdə qeydiyyatdan keçə biləcək, fotoqraflar yox
# 14 oktyabr 2022 17:32 (UTC +04:00)

“Jurnalistə vəsiqənin verilib-verilməməsinin onun tanınmış imza olub-olmaması ilə əlaqəsi yoxdur”.

APA xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər:

“Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə müxtəlif media subyektləri ilə qonorar əsasında “Freelance” çalışan jurnalistlərin vəsiqə almağına aydınlıq gətirib:

“Media haqqında qanunda jurnalist anlayışı tamamilə əhatəli şəkildə qeyd olunub. Həm əmək müqaviləsi, həm də mülki müqavilə ilə çalışan şəxslər jurnalist hesab olunur. Qonorar əsasında fəaliyyət göstərən jurnalistlər özləri məlumat istehsal edən, hazırlayan və onun yayımlanması üçün media subyektinə müqavilə əsasında təqdim edən şəxsdir”.

O əlavə edib ki, ştatlı və ştatdankənar müxbir anlayışı artıq qüvvədən düşmüş KİV haqqında qanunda öz əksini tapmışdı:

“Ştatlı və ştatdankənar müxbir dedikdə əmək müqaviləsi ilə işləyən jurnalistlər nəzərdə tutulur. Yəni ştatdankənar demək mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərmək demək deyil. Əmək müqaviləsi bağlananda iki formada rəsmiləşdirilə bilər”.

Rəqsanə Kərimova tərcüməçilərin də jurnalist hesab olunmağını deyib:

"“Media haqqında” qanunda tərcüməçilər jurnalist anlayışı ilə əhatə olunmayıb. Buna görə də Reyestrə müraciət edə bilməyəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR