Ağacan Abiyev: "İkinci Avropa Oyunlarına Belarus da yaxşı hazırlaşıb, ancaq onların müəllimi Azərbaycan olub"

Ağacan Abiyev: "İkinci Avropa Oyunlarına Belarus da yaxşı hazırlaşıb, ancaq onların müəllimi Azərbaycan olub"
# 25 iyun 2019 14:06 (UTC +04:00)

"İdman hərəkatında başlayan yeni bir yarış ikinci dəfədir keçirilir. İlk Avropa Oyunları Bakıda, ikincisi isə Minskdə təşkil edilib".

Bunu Minsk-2019 II Avropa Oyunları üçün Belarus paytaxtına ezam olunmuş APA-nın əməkdaşına Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev deyib.

O bildirib ki, 50 ölkənin 4000-dək idmançısının qatıldığı yarış gərgin mübarizə şəraitində keçir: "Çalışacağıq ki, həmişə olduğu kimi Azərbaycanın şərəfini layiqincə qoruyaq. Yarış evdə keçirildikdə idmançıya doğma divarlar da kömək edir. Amma biz Bakıda deyil, Minskdə mübarizə aparırıq".

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti boks komandamızın şanslarını dəyərləndirib: "Bakıda Avropa Oyunlarına gələn heyətlə görüşdə dediyim kimi boksçularımızın bir qızıl, bir gümüş və iki bürünc medal qazanacağına yenə də inanıram. Ümid edirəm ki, boks yığmamız Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq. Düzdür, idmanda proqnoz vermək çətin məsələdir. İdmançılarımızın gücünü bilirik və onların layiq olduğu yer tutacağına inanırıq. İnanıram ki, hələlik aktivində qızıl medal olmayan Azərbaycan yığması bunu da bacaracaq".

O bildirib ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları təşkilatçılıq baxımından Minsk-2019-dan heç də geri qalmayıb: "Bu yarışı ilk dəfə olaraq bizim keçirməyimizə baxmayaraq, təşkilatçılıq burdan zəif deyildi. Həmin vaxt Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin işi sayəsində ilk Avropa Oyunları yüksək səviyyədə keçirildi. Ona görə də əvvəllər beynəlxalq standart deyirdilərsə, artıq onu da kənara qoyub, Azərbaycan standartından danışırlar. Bu da Bakıda yarışın yüksək səviyyədə keçirilməsinin nəticəsidir. Minsk-2019-un təşkilatçıları bizə deyirdilər ki, əgər biz də yarışları sizin standartlarla keçirəcəyiksə, deməli, beynəlxalq standartlara cavab verəcək. Onlar hazırlıq dövründə də bizimlə görüşürdülər, təcrübə mübadiləsi aparılırdı. Hesab edirəm ki, ikinci Avropa Oyunlarına Belarus da yaxşı hazırlaşıb, ancaq onların da müəllimi Azərbaycan olub".

Qeyd edək ki, Minsk-2019-un arxada qalan 4 günündə Azərbaycan millisi 11 medal qazanıb. Yarış iyunun 30-da yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR