Atletlərimiz Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır - VİDEO

Atletlərimiz Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır - VİDEO
  • Clock-gray 13:00
  • calendar-gray 19 İyul 2019

“İnşallah ki, bu yarışda bizə olan ümidləri doğruldacağıq. Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəldəcəyik. Bu festivalın Azərbaycanda keçirilməsi bizi arxayın etməməlidir. Müəllimlər də bizə çox inanır”.

Bu, bütün gücünü, qüvvəsini sərf edib yarışlara böyük əzmlə hazırlaşan yeniyetmə bir qızın - qadınlardan ibarət milli komandanın üzvü Elnurə Məmmədovanın yarış qabağı arzularıdır.

Gənc idmançı deyir ki, beş ildir idmanla məşğul olsa da, sanki bütün həyatını məşq zallarında keçirib. Bu gün həyatda qazandıqlarını sevdiyi peşəsinə borcludur. Bu meydanda Elnurə tək deyil. Onunla bahəm milli komandanın 5 qadın üzvü təxminən bir neçə gündən sonra Azərbaycan keçiriləcək Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək milli komandanın tərkibində yarışlara qatılacaqlar.

Yeniyetmə qızlardan ibarət yığmamız Olimpiya Güləş Mərkəzində son təlim-məşq toplanışını keçirir. Baş məşqçi Həsrət Məmmədyarov deyir ki, komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır: “Hazırlıqlarımız uğurla davam edir. 46 kiloqramda çıxış edən Gültəkin Şirinovaya ümidlərimiz çoxdur. Elnurə Məmmədova Avropa çempionatından bürünc medalla qayıdıb. Birgül Soltanova, Nigar Mirzəzadəyə də böyük ümidlərim var. İnşallah bayrağımızı qaldırarlar”.

Təlim-məşq toplanışının iyulun 17-dək davam edəcəyini deyən baş məşqçi, daha sonra milli komandanın Atletlər Kəndində məskunlaşaraq yarışın başlanacağı günü gözləyəcəklərini deyir. Güləşçi Gültəkin Şirinova da daxil olmaqla, komanda üzvlərinin əhval-ruhiyyəsi isə yüksək dərəcədədir: “Yarışlara hazırlığımız yüksək səviyyədə gedir. İnşallah məqsədimiz çempion olmaqdır. Ən böyük arzum Azərbaycanın bayrağını qaldırıb, himnimizi səsləndirməkdir. Hiss edirəm ki, çempion olacağam, çünki məşqlərim ağır və qaydasında gedir. Müəllimlərim çox köməklik edir. İnanıram ki, əziyyətlərini yerdə qoymaram”.

Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində iyulun 21-dən 23-dək keçiriləcək güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Güləş yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Güləşçilərimizə uğurlar arzulayıb, bu dəfə yolumuzu saldıq kişi yeniyetmələrdən ibarət voleybol milli yığma komandasının təlim-məşq toplanışının keçirdiyi məkana. Artıq üçüncü aydır ki, hazırlıqlara müxtəlif zallarda davam edən komanda da qələbəyə inam yüksəkdir. Gənclərdən ibarət yığma komandanın köməkçi məşqçisi Xanlar Ələkbərov deyir ki, bir neçə dəfə yoldaşlıq oyunları keçirən komanda tam heyətdə yarışlara hazırdır: “Bizim qrupumuzda Almaniya, Rusiya və Polşa kimi güclü rəqiblərimiz var. Onlar barədə araşdırma aparanda görürük ki, həmin idmançıların əksəriyyəti hündür boylu güclü oyunçulardır. Biz də bunu nəzərə alıb bütün məşqlərimizi onların oyun taktikalarına uyğun həyata keçiririk. Bakıda keçirildiyi üçün azarkeş dəstəyi və zalın doğmalığı bizə ruh verir. İdmançılarımızın sağlamlığı yerindədir”.

Doqquz yaşından voleybolla məşğul olmağa başlayan Mais Verdizadə deyir ki, məhz idmanın bu növünü seçmək onun öz istəyi olub. Məktəbdə oxuduğu illərdə boyu və fiziki gücü ilə həmyaşıdlarından fərqlənən atletimiz bu üstünlüyü sayəsində yolunu idman zalından salıb: “Biz zala çıxanda ancaq qələbə düşünürük. Heç vaxt fikirləşmirik ki, rəqiblərimiz bizdən güclüdür, ya zəif. Fikrimiz qələbə qazanmaqdır”.

Gününü məşq zallarında keçirən Mirəşrəf Rzazadə danışmağa meylli olmasa da, deyir ki, rəqib komandaların güclü olmaları haqqında bəzi miflər dolaşır. Elə biz də öz oyunumuzla bu mifi darmadağın etməyi qarşımıza məqsəd qoymuşuq: “Biz yerli meydanda oynayırıq deyə bu bizim üstünlüyümüzdür. Çalışırıq ki, bizə olan güvəni doğruldaq. Komandaları tanıyırıq, çalışırıq ki, ona uyğun məşq edək”.

Qeyd edək ki, Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana 50 ölkədən 4 minə yaxın idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, voleybol, həndbol, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date