Ziyafət Əsgərov: Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır

Ziyafət Əsgərov:  Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır
# 28 dekabr 2022 17:33 (UTC +04:00)

“Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə mühüm mesajlar verdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, cari ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilib. Onun sözlərin görə, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil”.

Parlamentin komitə sədri qeyd edib ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq: “Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməli, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Dövlət başçısının görüşdə vurğuladığı kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr və bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix, sənədlər və xəritələr var”.

Ziyafət Əsgərov nəzərə çatdırıb ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib: 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi”.

Parlamentin komitə sədri sovet hökumətinin gözünün önündə baş vermiş cinayətləri də xatırladıb: “Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşayıb və onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı”.

Ziyafət Əsgərov vurğulayıb ki, iki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyü bərpa etdik: “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü də tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Azərbaycan çərçivəsində icmanın fəallığı çox önəmli ola bilər. Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Dövlət başçısı görüşdə onu da bildirib ki, Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

Parlamentin komitə sədri deyib ki, demokratik dəyərlərə və milli adətlərə daim sadiq qalan Prezident İlham Əliyev öz ad günlərini xalqı ilə birlikdə keçirir və Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş də bu qəbildən oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR