Azərbaycan Prezidenti: Taxılın idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb

Azərbaycan Prezidenti: Taxılın idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb
# 15 iyul 2022 19:16 (UTC +04:00)

“Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Prezident bildirib ki, Zəngilanda Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib.

“Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək.

Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücəndirəcəkdir.

Bir sözlə, yenə də deyirəm, bu gün mən görülmüş işlərin kiçik hissəsini işıqlandırdım. Amma bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR