Dövlət başçısı: "Zəngilanda böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”

Dövlət başçısı: "Zəngilanda böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”
# 27 may 2022 16:31 (UTC +04:00)

“Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

Prezident bildirib ki, dünən Zəngilan şəhərinin Baş planı ilə tanış olub: “Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmamalıyıq, əksinə, təbiəti daha da zənginləşdirməliyik, xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsitçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaclarını da kəsmişlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR