Prezident: “XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir”

Prezident: “XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir”
# 22 aprel 2022 14:06 (UTC +04:00)

Amma yenə də dediyim bütün bu müsbət məqamlara baxmayaraq, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

“Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.

Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR