Antiinhisar fəaliyyətinin pozulmasına görə ötən il 27 mln. manatdan çox sanksiyalar tətbiq edilib

Antiinhisar fəaliyyətinin pozulmasına görə ötən il 27 mln. manatdan çox sanksiyalar tətbiq edilib
# 17 fevral 2021 11:37 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda “Antiinhisar fəaliyyəti haqqında” Qanunun pozulması üzrə 27,5 mln. manatadək maliyyə sanksiyası, “Haqsız rəqabət haqqında” Qanunun pozulması üzrə isə 14 min manatdan çox maliyyə sanksiyaları tətbiq edilib.

APA-Economics”in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, il ərzində Azərbaycanda antiinhisar sahəsində hökmran mövqe üzrə 21, təbii inhisar subyektlərinin göstərdiyi xidmətlər üzrə 252, bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi əlamətləri üzrə 63, reklam yayımı qanunvericiliyinin pozuntuları əlamətləri üzrə isə 23 müraciət daxil olub.

“Bu müraciətlər üzrə 6 işə baxılıb. Bütün bunlar ya qanunsuz hərəkətlərin dayandırılması, situasiyanın keçmiş vəziyyətinə qaytarılması və ya maliyyə sanksiyalarının tətbiqi ilə nəticələnir. Pozuntuların dayandırılması və aradan qaldırılması məqsədilə bu işlərlə bağlı bazar subyektləri üzrə həm göstərişlər verilib, həm də maliyyə sanksiyaları tətbiq olunub. 5 iş üzrə prosedurlar hazırda davam etdirilir”, - deyə M. Abbasbəyli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR