"Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin səsvermə mərhələsi başlayır - FOTO

"Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsinin səsvermə mərhələsi başlayır - FOTO
  • Clock-gray 11:10
  • calendar-gray 11 Fevral 2021

“AzerGold” QSC və Heydər Əliyev Mərkəzinin təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə təqdim edilən layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi mərhələsi sona çatıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, müəssisənin inzibati binasında təşkil edilən yekun qiymətləndirmə mərhələsində münsiflər heyətinin üzvləri – QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov, Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev, Xalq rəssamı Arif Hüseynov, Əməkdar rəssam Natiq Fərəcullzadə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sənubər Qasımova, eləcə də dizayner-rəssamlar – Nəriman Məmmədzadə, Fərid Rəsulov, Rəhim İsmayılov və Çingiz İsmayılov iştirak ediblər.

Müsabiqəyə təqdim olunmuş 887 layihədən final mərhələsinə vəsiqə qazanan 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında 1, 2 və 3-cü yerin qalibləri seçilib.

Qeyd edək ki, müsabiqənin sonuncu – onlayn səsvermə mərhələsi 12 fevral saat 00:00-dan etibarən başlayır. www.azergold.gift platformasında həyata keçirilən səsvermə 15 fevral saat 00:00-dək davam edəcək. Müsabiqənin əsas mərhələsinə vəsiqə qazanmış 195 layihə arasından ən çox bəyənmə toplamış layihə ictimaiyyət nümayəndələrinin seçimi əsasında “İzləyici rəğbəti” nominasiyasının qalibi seçiləcək. Bütün qaliblər 17 fevral tarixində “AzerGold” QSC-nin inzibati binasında baş tutacaq mükafatlandırma mərasimində elan olunacaq.

Xatırladaq ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr edilən dizayn müsabiqəsinin keçirilməsində əsas məqsəd işğaldan azad edilən Qarabağ torpaqlarımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrinin təbliği işinə töhfə verməkdir.

“Qarabağ inciləri” dizayn müsabiqəsində ilk 3 yerin və “İzləyici rəğbəti” nominasiyasının qalibinə diplom və pul mükafatı (1-ci yer 3 000 AZN, 2-ci yer 2 000 AZN, 3-cü yer və nominasiya qalibi 1 000 AZN) təqdim olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər