BP "Şəfəq-Asiman"da kəşfiyyat quyusunun qazılmasına gələn ilin yanvarında başlanmasını istisna etmir

BP "Şəfəq-Asiman"da kəşfiyyat quyusunun qazılmasına gələn ilin yanvarında başlanmasını istisna etmir
  • Clock-gray 17:18
  • calendar-gray 18 Dekabr 2019

"BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin yanvarında başlanmasını istisna etmir".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, hazırda quyunun qazılmasına başlanması çərçivəsində hazırlıq işləri gedir. BP "Şəfəq-Asiman" blokunda ilk kəşfiyyat quyusunun qazılması məqsədilə "Heydər Əliyev" Səyyar Dəniz Qazma Qurğusunu (SDQQ) təhvil alıb və hazırda onun üzərində əlavə avadanlıqların quraşdırılması aparılır. Bundan sonra onun sınağı aparılacaq və sonradan qazmaya start veriləcək.

"Yaxın həftələrdə qazma işinə başlanılacaq. Biz qazma işlərini bu il üçün planlaşdırırıq,  lakin hər şey hava şəraitindən asılıdır. Ola bilsin ki, işlər gələn aya keçirilsin", deyə B. Aslanbəyli bildirib.

Xatırladaq ki, "Şəfəq-Asiman"da qazma işləri 12 ay ərzində həyata keçiriləcək. Bu perspektiv blokda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə əsasən, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.

Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir. SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.

"Şəfəq-Asiman" kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.

"Şəfəq-Asiman" bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.

Emil İsmayılov

Digər xəbərlər