EIA: OPEC 2020-2021-ci illərdə neft hasilatını artıracaq

EIA: OPEC 2020-2021-ci illərdə neft hasilatını artıracaq
# 12 mart 2020 10:41 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 6 mart iclasının nəticəsi kimi, OPEC-in diqqət mərkəzində balanslaşdırılmış qlobal neft bazarı deyil, bazarlarda olan payı olacaq.

"APA-Ecocomics"in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinə (EIA) istinadən verdiyi məlumata görə, bu ilin aprel-dekabr aylarında OPEC üzrə gündəlik neft hasilatı orta hesabla 29,2 mln. barel səviyyəsində olacaq ki, bu da cari ilin I rübünün göstəricisi ilə müqayisədə 0,5 mln. barel çoxdur.

Məlumatda qeyd edilir ki, proqnozlar martda OPEC-i tərk edən Ekvador nəzərə alınaraq verilib. Gələcək hesabatlarda Ekvadorun neft hasilatı OPEC üzrə göstəricilərə daxil edilməyəcək.

Bununla yanaşı, EIA-in proqnozlarına görə, OPEC ölkələri 2021-ci ildə gündəlik neft hasilatını 29,4 mln. barelədək artıracaq.

Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR