SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
# 14 aprel 2020 18:47 (UTC +04:00)

SOCAR 2020-ci ilin I rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 mln. ton neft, 1,8 mlrd. kubmetr qaz hasil edib.

"APA-Economics"in SOCAR-ın 2020-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən verdiyi məlumata görə, ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 mlrd. kubmetr, neft hasilatı 9,3 mlon ton təşkil edib. SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib. SOCAR 26 min metrə yaxın, o cümlədən mart ayında təqribən 9 min metr həcmində qazma işləri həyata keçirib.

Bu ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 mln. tondan çox məhsul istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 mlrd. kubmetr qaz emal edilib. Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın xammal emal olunaraq, müvafiq məhsullar istehsal edilib.

Cari ilin I rübündə SOCAR tərəfindən ölkədən 5,4 mln. tona yaxın xam neft ixrac olunub. Ümumilikdə, rüb ərzində ölkədən 3,5 mlrd. kubmetr həcmində təbii qaz ixrac olunub. Ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub. Neft emalı və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 534 min ton təşkil edib.

Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tona yaxın karbamid ixrac edilib. “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan artıq olub, bunun da 43 min tondan çoxu, yəni 89%-i ixraca göndərilib, 5%-ə yaxın hissəsi isə daxili bazarda reallaşdırılıb.

Bu ilin birinci rübü üzrə SOCAR-ın istehsalat göstəricilərində nəzərə çarpan əsas dəyişiklik budur ki, şirkət xam nefti və təbii qazı daha çox ölkə daxilindəki emal müəssisələrinə yönləndirib. Başqa sözlə, hasil olunan məhsulun artıq xammal kimi ixrac edilməsi azalmış, həmin xammaldan kimya məhsullarının istehsal səviyyəsi isə yüksəlmişdir. Xammal SOCAR-ın kimya müəssisələrində yüksək əlavə dəyərə malik olan kimya məhsulları halına gətiriləndən sonra daxili bazarda reallaşdırılır və ixrac olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR