Bolqarıstan Azərbaycandan qazın alınmasında Aİ-nin yardımına ümid edir

Bolqarıstan Azərbaycandan qazın alınmasında Aİ-nin yardımına ümid edir
# 28 aprel 2022 16:40 (UTC +04:00)

Bolqarıstan hakimiyyəti Rusiyanın qaz tədarükü ilə bağlı şərtləri ilə razılaşmayacaq. APA-Economics” xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov “Monde” qəzetinə bildirib.

"Çünki biz təslim olmayacağıq. Heç kimin müqavilə şərtlərini birtərəfli qaydada dəyişmək hüququ yoxdur. Əgər biz təslim olsaydıq, bu, Avropa ailəsində ilk çat olardı, lakin Bolqarıstan bu çatın səbəbkarı olmayacaq", - kiril Petkov qeyd edib.

Baş nazir onu da bildirib ki, şərait dəyişməsə, Bolqarıstanın bir aydan çox müddətə çatacaq qaz ehtiyatları var.

Eyni zamanda, o, Yunanıstanla yeni birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisini iyunun sonunadək başa çatdıracağına ümid etdiyini bildirib.

Bundan əlavə, Bolqarıstan Azərbaycandan qazın alınmasında və mayeləşdirilmiş təbii qazın birgə alınmasında Avropa İttifaqının yardımına ümid edir.

"Biz Azərbaycandan qazın mümkün qədər tez alınması üçün yardıma və mayeləşdirilmiş təbii qazın (LNG) birgə alınmasına da ümid edirik. Bütün Avropa ölkələrindən həmrəylik cavabını gözləyirik. Biz fikir ayrılıqlarında deyil, birlikdə güclüyük", - Kiril Petkov vurğulayıb.

Çərşənbə günü səhər "Qazprom" yeni ödəniş sxeminə (rublla ödəmə - red.) keçməkdən imtina etdiyi üçün "Bulgargaz" (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb.

Qeyd edək ki, Azərbaycanın təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik IGB kəmərinin tikintisi işlərinin 92%-i artıq yerinə yetirilib. Cari il iyunun sonunadək interkonnektor fiziki cəhətdən hazır olmalı və iyul ayında qaz sınaqlarına başlanılmalıdır.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.

Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqlilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR