BTC üzrə əməliyyat və əsaslı xərclər kəskin azalıb

BTC üzrə əməliyyat və əsaslı xərclər kəskin azalıb
# 05 may 2022 13:30 (UTC +04:00)

Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə 9 mln. ABŞ dollarından artıq sərf edilib ki, bu da illik müqayisədə 4,55 dəfə azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, əsaslı xərclərə isə təqribən 4 mln. dollardan artıq sərf edilib (33,3% azalma).

Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 509 mln. tondan çox (3,82 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 mln. ton (təxminən 51 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), AzBTC (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR