TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 3 mlrd. kubmetri ötüb

TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 3 mlrd. kubmetri ötüb
# 07 noyabr 2019 17:04 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə ötürülən təbii qazın həcmi 3 mlrd. kubmetri ötüb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

"Türkiyəyə oktyabr ayının sonuna qədər 3,08 mlrd. kubmetr həcmində təbii qaz çatdırdıq. Türkiyə 2020-ci ilin iyun ayının sonlarından etibarən illik 6 mlrd. kubmetr həcmində təbii qaz almağa başlayacaq", - deyə S. Düzyol bildirib.

TANAP-ın Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli hissəsi olduğunu deyən S. Düzyol bildirib ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması üçün bir az vaxta ehtiyac var. O, Avropaya kommersiya qazının gələn ilin axırıncı rübündə başlaya biləcəyini qeyd edib.

"TANAP vasitəsi ilə nəql etdiyimiz qaz Türkiyənin hazırda mövcud təbii qaz tədarükçüsü ölkələrdən idxal etdiyi ən ucuz qazdır. Ümid edirik, önümüzdəki ildə Azərbaycan Avropanın yeni qaz tədarükçüsünə çevriləcək", - deyə S. Düzyol qeyd edib.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR