Azərbaycan müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilir - TƏHLİL

Moskva Bəyannaməsinin imzalanması mərasimi

© APA | Moskva Bəyannaməsinin imzalanması mərasimi

# 23 fevral 2022 18:43 (UTC +04:00)

ATƏT-in fundamental sənədlərində, xüsusilə də 1999-cu ildə İstanbul görüşündə yüksək səviyyədə qəbul olunmuş sənədin 2-ci fəslinin 8-ci bəndində "hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üsullarını o cümlədən təkmilləşdikcə müttəfiqlik müqavilələrini sərbəst şəkildə seçmək və dəyişmək hüququna malikdir" müddəası açıq şəkildə vurğulanıb. Lakin, o sənədin elə həmin bəndində “bir dövlətin digər dövlətin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini möhkəmləndirməyəcəyi” də xüsusi qeyd olunub.

Bu sənədləri oxuyarkən Azərbaycan Prezidentinin beynəlxalq qanunlara və davranış qaydalarına hərfi-hərfinə və üslubuna uyğun əməl etmə qabiliyyəti ilə yanaşı, onun bu qaydalara əməl edərək özünə düşmən yox, dost qazanma və bununla da öz ölkəsinin suverenliyini, beynəlxalq əlaqələrini və digər dövlətlərlə, onların xalqları ilə münasibətlərini inkişaf etdirmə bacarığına heyran olursan.

Bəli, 44 günlük müharibədə Azərbaycanın qələbəsi xalqımızın əzminin göstəricisidir. Lakin bu həm də bu əzmi tarixi ədaləti bərpa etməyə, torpaqlarımızı cinayətkarlardan, işğalçılardan, separatçılardan azad etməyə və bununla da dövlətin dirçəlişinə yönəltmiş Ali Baş Komandanın danılmaz istedadıdır.

Biz azadlıq uğrunda 44 günlük müharibənin hər bir mərhələsinin texniki, hərbi-strateji baxımdan zərgər dəqiqliyi ilə həyata keçirilməsinə təəccüblənirik. Lakin, eyni zamanda hazırda fikri bütün dünya tərəfindən dəyərləndirilən Prezidentin xarici siyasətdə atdığı hər bir addımın dərinliyinə, ətraflı düşünüldüyünə heyran oluruq. Gəlin hadisələrə sırayla nəzər salaq:

BMT-nin dörd qətnaməsi

Heç kimə sirr deyil ki, hələ uzaq 1993-cü ildə qəbul edilmiş bu qətnamələr Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması faciəsini real olaraq əks etdirən ilk qətnamələr olmuşdur. Həmin qətnamələrdə işğal faktı da, qoşunların dərhal çıxarılması tələbləri də, qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa olunması üçün dünyanın edə biləcəyi hər şey var idi. Məhz bu sənədləri tarixin arxivinə göndərmək istəyirdilər. Bir az kəskin də olsa, düşünürəm ki, məhz BMT sənədlərini gündəmdən çıxarmaq və Azərbaycanın maraqlarına cavab verməyən yeni sənədlər hazırlamaq 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu və həmsədrlər institutu adlanan qurumun əsas məqsədinə çevrilmişdi. Prezident İlham Əliyevin ən mühüm xidmətlərindən biri də buna imkan verməməsi olmuşdur. Bəli, o, həmsədrləri qəbul edərək ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq etmişdir, lakin o, hər zaman digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimizə BMT-nin dörd qətnaməsi əsasında sənədlərin qəbul olunması tapşırığını vermişdir. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında da, 2009-cu ildə Avropa Parlamentində də, 2018-2019-cu illərdə Avropa İttifaqında da, İslam Konfransında da, Qoşulmama Hərəkatında da və İlham Əliyevin qəbul olunan sənədlərdə BMT qətnamələrinin müddəalarını əks etdirərək “ömrünü uzatdığı” bütün digər platformalarda da bu cür olmuşdur. Nəticə etibarilə, məhz bu sənədlər ərazilərimizin işğaldan azad edilməsinin hüquqi əsası olmuşdur.

Qoşulmama Hərəkatının rolu

Prezident İlham Əliyev yaxşı dərk edirdi ki, Qarabağ münaqişəsinin həllini öz üzərinə götürmüş dünyanın əsas dövlətlərində Ermənistanın təsiri o qədər güclü və dərindir ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün birbaşa addımlar gözləmək bir qədər sadəlövhlük olardı. Buna görə də mövcud vəziyyətə qarşı əks qüvvə lazım idi. Bu qüvvələr, təbii ki, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı idi. Amma onlardan birində birbaşa dini, digərində isə etnik komponent olduğuna görə fövqəlgüclərin vahid fikrinə böyük təsir göstərə bilmirdilər. O zaman İlham Əliyev çox mühüm qərar qəbul edir. O Azərbaycanı Qoşulmamama Təşkilatına üzv etməklə yanaşı, təşkilatı o qədər gücləndirir ki, müharibənin ən ağır anında Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə müzakirə etmək qərarı verildikdə üzv dövlətlərinin sayına görə BMT-dən sonra dünyada ikinci yerdə olan bu qurum Azərbaycanın müdafiəsinə qalxır. İndi bu artıq tarixi faktdır, ancaq o zaman Qoşulmama Təşkilatına üzv ölkələr Qarabağla bağlı yeni qətnamənin qəbulunun əleyhinə səs vermişdilər.

Mahir strateq

Prezident İlham Əliyevin heyrətamiz qabiliyyəti, ensiklopedik savadı və müdrikliyi 44 gündə nəinki döyüş meydanında, hətta diplomatik savaşda qələbə qazanmağı mümkün etmişdir. Qardaş Türkiyə ilə yaxınlaşma, İsraillə gözəl münasibətlər, İslam aləminin, Qoşulmama Təşkilatının siyasi dəstəyi, kənar qüvvələrin müharibəyə qarışmasına imkan verilməməsi və bir çox başqa amillər təkcə Şuşanın deyil, Xankəndinin də, bütün Qarabağın da azad olunması üçün lazım olan şəraiti yaratmışdı. Lakin, o dayandı. Həm döyüş meydanında, həm də diplomatiya səviyyəsində daha uğurlu, daha güclü olduğu halda dayandı. Bunu hər kəs bacarmır. Bunu yalnız dahi və mahir strateq bacara bilər. Düşmənlər isə onun Xankəndiyə daxil olub, onu boş şəkildə zəbt etməsini çox arzulayırdılar. Lakin o, daha uzaqgörən idi və birincisi, dünya erməniçiliyinə Qarabağın erməni sakinlərinin hüquqlarının pozulmasından gileylənməyə belə imkan vermədi, ikincisi, daha öncə onu işğalın mövcud reallıqlarını qəbul etməyə razı salmaq istəyən liderlərin hədsiz hörmətini qazandı. İndi artıq onun yaratdığı reallıqlar regionun gələcəyini müəyyənləşdirir. İndi o, dünyanın qüdrətli dövlətləri ilə bərabərhüquqlu şəkildə öz ölkəsinin təhlükəsizliyindən bəhs edir və qalib kimi onlarla regionun gələcəyini müzakirə edir.

Şuşa Bəyannaməsi

Məqalənin əvvəlində mən ATƏT-in sənədlərinə təsadüfən müraciət etməmişəm. Məsələ burasındadır ki, çox təəssüf ki, İkinci Dünya müharibəsindən sonra və xüsusən Sovetlər İttifaqı dağılandan sonra sülh "birinin gücü başqasının zəifliyi deməkdir" prinsipi ilə inkişaf etmişdir. Hətta bir neçə ölkə bir yerdə birləşsə belə, bu eyni məna daşıyırdı, bəzilərinin gücü başqalarının zəifliyi idi. Paradoksal olsa da, bu, prinsipcə, ölkələrin özlərinin qəbul etdikləri fundamental dinc yaşayış prinsiplərinə zidd idi. Bu baxımdan İlham Əliyev müasir Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq və kollektiv təhlükəsizliyin yeni prinsiplərini hazırlamış və tətbiq etmişdir. O, Türkiyə ilə müttəfiqlik münasibətləri quraraq, nəinki özünü və Türkiyəni, bütün region ölkələrini gücləndirmişdir. Məğlub, təslim olmuş ölkə ilə sülhə nail olmaq uğrunda mübarizə aparır ki, onu da, bütün bölgəni də dirçəltsin. Böyük Altılıq təşəbbüsü bunun birbaşa sübutudur. Başqa sözlə desək, İlham Əliyev güclənir, amma bunu başqalarının hesabına etmir, o başqalarını gücləndirərək güclənir. İlk dəfə olaraq birinin möhkəmlənməsi hamının güclənməsi prinsipini özündə ehtiva edən Şuşa bəyannaməsi ölkələr və xalqlar arasında münasibətlərin yeni mərhələsini və səviyyəsini yaradır.

Moskva bəyannaməsi

Yalnız müasir tariximizdə yox, ümumiyyətlə bütün tarix boyu, regionumuzda Rusiya və Türkiyə nəinki bir-biri ilə rəqabət aparmış, hətta bir-biri ilə savaşmışlar. Türkiyə ilə Rusiya arasında qarşılıqlı münasibətlərə Azərbaycanın daxil olması ilə vəziyyət köklü şəkildə dəyişmişdir. Türkiyə ilə qardaşlıq və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri məhz Azərbaycanda hər üç dövlətin bayrağının eyni vaxtda dalğalanmasına imkan vermişdir. Bu mənzərəni biz Vətən müharibəsində qələbədən sonra görmüşük. Bakı Rusiya və Türkiyə hərbçilərinin sülhməramlı missiyanı birlikdə yerinə yetirdikləri Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək imkanını təmin etmişdir. Bu gün Bakı Azərbaycan ilə Rusiya arasında münasibətlərin yeni səviyyəsi haqqında Moskva sənədini imzalayarkən o, müstəqilliyini, təhlükəsizliyini gücləndirmişdir. Bəyannamədə qeyd olunduğu kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Göründüyü kimi, İlham Əliyev öz suverenliyini Qafqazda rolu olan başqa bir əsas dövləti, yəni Rusiyanı zəiflətməklə deyil, onun milli maraqlarını və prioritetlərini nəzərə alaraq gücləndirmişdir. O, hələ yaşayan, lakin həm regionda, həm də onun hüdudlarından kənarda son nəfəsini verən revanşistlərin son həmləsini də məhv edən Azərbaycan, Rusiya və Türkiyənin yeni, arzu olunan və çox ehtiyac duyulan ittifaqını yaratmışdır. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətləri səviyyəsində müqavilə - Şuşa Bəyannaməsi, daha sonra Rusiya ilə Moskva müqaviləsi imzalamaqla faktiki olaraq üç dövlət - Azərbaycan, Rusiya və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilmişdir. Məgər bizim hər zaman danışdığımız, istədiyimiz elə bu deyildimi?! Bu isə Avropa İttifaqı ilə münasibətlərimizin möhkəmlənməsi, gələcəkdə onunla ikitərəfli sazişin imzalanması, İngiltərə və ABŞ ilə öz gücünü zamanla sübut edən münasibətlər fonunda baş verir. Əsas, birləşdirici rolun Azərbaycana məxsus olduğu, bərabərhüquqlu, müstəqil, suveren, eyni zamanda bir-biri ilə bu cür ciddi müqavilələrlə bağlanan üç ölkənin birliyi həqiqətən də İlham Əliyevin ölkəmizin milli maraqları naminə atdığı parlaq addımdır.

Səməd Seyidov,

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR