Suqovuşanın hərbi-strateji və iqtisadi əhəmiyyəti, revanşistlərə xəbərdarlıq - TƏHLİL

Prezident İlham Əliyev Suqovuşanda

© APA | Prezident İlham Əliyev Suqovuşanda

# 04 oktyabr 2021 14:50 (UTC +04:00)

Prezident İlham Əliyev Tərtər rayonuna səfər zamanı Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Bu tarixi hadisənin böyük önəmi var. Belə ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğaldan azad olunması Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin qəhrəmanlıq nümunələri olmaqla yanaşı, ölkə üçün böyük strateji əhəmiyyətə malik hadisə idi.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən tapdağından azad olunan Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti işğalçı ölkənin bütün planlarını pozdu. Belə ki, Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər yaratdı. Yerli və beynəlxalq təhlilçilər əmindirlər ki, Suqovuşan yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə demək olar ki, Azərbaycan Dağlıq Qarabağın açarını əldə edə bildi. Həmin ərazidə düşmən ordusunun 6-cı dağ atıcı alayının qərargahı yerləşirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Suqovuşan düşməndən tam təmizləndi.

Bununla yanaşı, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu Bakının nəzarətinə keçdi. Belə ki, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıya idi. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yarandı. Eyni zamanda, Suqovuşan yaşayış məntəqəsi Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanmasına da imkan verir.

Suqovuşan ilk dəfə 1991-92-ci illərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilsə də, 1994-cü ilin aprelində yenidən işğal olunmuşdu.

Onu da vurğulayaq ki, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi, həm də düşmənin Tərtər rayonuna buradan zərbələr endirməsinə son qoydu. Ermənistan Tərtəri də işğal etmək niyyətində idi. Lakin Suqovuşanın azad edilməsi ilə İrəvan artıq anladı ki, Dağlıq Qarabağdan çıxmaq məcburiyyətində qalacaq.

Şübhəsiz ki, Suqovuşa­nın yuxarıda qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə yanaşı, eyni zamanda, mühüm iqtisadi önəmi də mövcuddur. Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Suqovuşan su anbarına Azərbaycanın nəzarətinin təmin edilməsi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemini həll etmiş oldu.

Suqovuşan və Talışın azad edilməsinin ordumuza, xalqımıza əlavə mənəvi güc vermiş oldu. Talış və Suqovuşanın azad edilməsinin Ermənistan ordusunun gözünü qorxutması və psixoloji gərginlik yaratması baxımından da önəmlidir. Məhz bu ərazidəki iflas Ermənistan ordusunda fərarilik sayının artmasına səbəb oldu.

Burada bir məsələni də qeyd etmək lazım gəlir. Azərbaycan yalnız hərbi baxımdan deyil, iqtisadi idarəçilik baxımından da düşməndən dəfələrlə güclü olduğunu göstərdi. Belə ki, ən qısa zamanda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası və işlək vəziyyətə gətirilməsi Qarabağın yaxın zamanlarda iqtisadi baxımdan qüdrətli bir məkana çevriləcəyinin xəbərçisidir.

Azərbaycan Prezidentinin Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olması da önəmli amildir. Tarixdən məlumdur ki, udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzər sahili torpaqlarda yaşayıb və xristianlığa, o cümlədən yəhudi dininə ibadət ediblər. Qafqaz Albaniyasında Alban məbədlərini, kilsəyə aid olan bütün avadanlığı və sənədləri erməni apostol kilsəsinə verilib. Bununla da, bu etnos demək olar ki, məhvə məhkum edilib, onlar məcburən qriqoryanlığı qəbul etməli olublar. Lakin udi etnosu misilsiz qəhrəmanlıq göstərib, 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dilinə, tarixi vətəninə sadiq qalıb, erməniləşməyib, əksinə, 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışıb. Bu işdə onlara Azərbaycan xalqı da yaxından kömək edib. Azərbaycanın tarixi torpaqlarında yaşayan yəhudi, türk, udi qəbilələrinin bütün abidələrini ermənilər məhv etmək istəyiblər. Bu baxımdan, Prezident Əliyevin adıçəkilən kilsələrə getməsi Azərbaycanın tarixi abidələrə həssas yanaşdığını sübut edir.

Prezident İlham Əliyev Suqovuşan səfəri zamanı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın cinayətkar əməlləri, xain, qorxaq, simasız birisi olması, onun keçmişi ilə bağlı faktları da açıqladı.

Qeyd edək ki, Ermənistan hər zaman olduğu kimi 44 günlük müharibədə də mülki insanları, şəhərləri, kəndləri hədəf aldı. Ermənistanın və onun rəhbərlərinin dinc insanları, günahsız uşaqları, qoca və qadınları qətlə yetirməsi ilk dəfə baş vermirdi. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində də Ermənistan eyni addımlar atıb, Xocalı soyqırımını törədib. Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlı əhaliyə qarşı qətliam törədənlərdən birinin isə məhz Serj Sarkisyan olduğunu bütün dünya bilir. O özü də bunu müsahibələrindən birində etiraf edib.

Azərbaycan Prezidenti S. Sarkisyanın indi də yaramaz əməllərindən əl çəkmədiyini, revanşist bəyanatlarla çıxış etdiyini bildirdi, eyni zamanda ona və onun kimilərə xəbərdarlıq etdi: “Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.

Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Vurğulayaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan elə ermənilərin özü tərəfindən də lənətlənir. O, bir qədər öncə korrupsiya iddiası üzrə məhkəmə qarşısına çıxarılmışdı. 2008-ci ildən bəri iki dəfə ardıcıl olaraq Ermənistan prezidenti vəzifəsini icra edən Sarkisyan 2018-ci ildə xalqın təkidindən sonra istefa verməyə vadar olmuşdu. İstefa verdikdən sonra Sarkisyan uzun müddət arxa planda qaldı, amma keçən ildən Paşinyanı fəal şəkildə tənqid etməyə başlayıb. Bütün bunları 65 yaşlı Sarkisyan özünü qorumaq üçün edir. Onun ölkəni tərk etməsinə qadağa qoyulub. Təqsirli olacağı sübuta yetirilərsə, həbs cəzası ilə üzləşə bilər. Bunu anlayan Sarkisyan ictimai rəydə özünü təmizə çıxarda bilmək üçün Azərbaycan barədə sərsəm bəyanatlar verir, revanşdan danışır.

Döyüş meydanından qaçan erməni gəncləri başına yığaraq, Bakını ittiham edir, bununla da intiqam aldığını düşünür.

Onu da qeyd edək ki, Sarkisyan və digər revanşistlər Ermənistanın revanşist görüntü yaratmaqla ölkələrinin onsuz da bərbad vəziyyətdə olan beynəlxalq imicini birdəfəlik məhv edirlər. Populist çıxışlarla onların ölkəni necə məhvə apardığının hər kəs anlayır. İndiki dövrdə atılan belə addım Ermənistanın vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

Ekspertlər hesab edirlər ki, ordusu darmadağın olan, hərbi texnikası məhv edilən və siyasi çəkişmələrdən qurtula bilməyən bir ölkədə bu cür hallar davam edərsə, İrəvan daha pis nəticələrlə üzləşəcək. Nə Sarkisyana, nə də onun kimilərə artıq yer yoxdur. Azərbaycan işğal olunmuş əraziləri azad edib və heç bir qüvvə bu istiqamətdə Bakının arzulamadığı ssenariləri oynaya bilməz.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR