Birləşməyin və ayrılmağın anatomiyası - TƏHLİL

Birləşməyin və ayrılmağın anatomiyası - <span style="color: red;">TƏHLİL
# 30 noyabr 2013 08:26 (UTC +04:00)

Bir yüngülvari müqəddimə

Bakı. Mais Əlizadə - APA. Türkiyənin iqtidar partiyası ilə ölkənin ən güclü dini icması arasında dərshanələr üzərindən başlayan mübahisənin dozası artdıqca bunun siyasəti hansı məcralara yönəltmə potensialına sahib olması da, təbii ki, müzakirələrin əsas mövzusuna çevrilir. Dərshanlərin bağlanacağına dair hökumət başçısının nümayiş etdirdiyi qərarlılığa icmanın istər Türkiyədəki media orqanlarından, istərsə də Pensilvaniyadan verilən cavablar işin konsensus yoluyla həllini çətinləşdirirmi, yoxsa bütün bunlar tərəflərdən birinin digərinin iradəsini test etmək üçün yapılan məşqlərdirmi? İndilik tərəflərin bir-birlərinə “Ya Allah, bismillah, Allahu əkbər” - nidalarıyla hücumundan söhbət getməsə də, baş nazir Ərdoğanın dərshanələri qapatma qərarını statistik rəqəmlərlə dəstəkləməsi (dərshanələrin sadəcə 25%-nin icmaya aid olmasına dair açıqlamasına baxıla bilər) də qarşı tərəfin ovunmasına kifayət etmədiyi kimi, mübahisənin dozasını daha da sərtləşdirir. İcma dünya miqyasındakı məktəbləri öz fəaliyyətinin başlıca sahəsi gördüyü kimi, Türkiyədəki dərshanələri də öz varlığının ən güclü infrastrukturu sayır və bunda haqlıdır. İqtidarın dərshanələri qapatma qərarlılığına qarşı icmanın bu qədər sərt reaksiya göstərməsinin altında yatan səbəb də dərshanələrin icma üçün böyük ölçüdə və hər baxımdan “var olmasnın” əsas atributudur, son günlərdə Türkiyə siyasətinin gündəmini boydan-boya məşğul etmiş mübahisələrin səbəbini önəmli ölçüdə bu “var olma” fəlsəfəsində axtarmaq lazımdır. Ancaq mübahisələrə sadəcə dərshanələrin qapadılması çərçivəsində baxmağın işin asanına qaçmaq olduğunu da vurğulamalıyıq, çünki cərəyan edən proseslərin arxasında daha fərqli faktorların olduğunu iqtidar-icma (indiki adıyla “xidmət”) münasibətlərinin yaxın keçmişini izləyənlərin müşahidə etməməsi mümkün deyildir...

Sıx əməkdaşlıq dönəmi

İqtidar-xidmət münasibətlərini addım-addım izləyən “Vatan” qəzetinin yazarı Ruşen Çakırın doğru təsbit etdiyi kimi, bu əməkdaşlığın təməlini Baş qərargah rəisi, ordu generalı Yaşar Büyükanıtın 27 aprel 2007-də verdiyi və Abdulla Gülün prezidentliyə namizədliyini əngəlləməyi hədəfləyən gecə ultimatumu atdı. Ultimatumdan sonra erkən seçki qərarı qəbul edən AKP 22 iyuldakı seçkidən daha güclü şəkildə qayıdandan sonra iqtidar-xidmət münasibətlərində ilk dəfə, bəlkə də əhdi-peyman dərəcəsində əməkdaşlıq başladı. Baş nazir Ərdoğanın “prokuroruyam”- dediyi Ergenekon adlı istintaq proseslərinə “xidmət” əlindəki media qurumlarıyla qeydsiz-şərtsiz dəstək verdi; daha sonra Ergenekonu Balyoz izləyərkən xidmət yenə dəstəyini əsirgəmədi. 2010-cu ilin mayında “Mavi Marmara” gəmisinə İsrailin basqını iqtidar tərəfindən sərt reaksiyaya məruz qalsa da, “xidmət”in liderinin “Avtoritetə baş qaldırmaq olmaz, biz də o bölgələrə yardım aparırıq, ancaq İsraildən icazə alaraq” şəklindəki iqtidarla daban-dabana zidd açıqlama verməsi də münasibətlərdə dərin yara açılmasına səbəb olmadı. Əhdi-peyman xarakterli əməkdaşlığın zirvəsini isə AKP-nin 12 sentyabr 2010-da keçirdiyi Konstitusiya dəyişikliyi referendumu təşkil etdi ki, referendum ərəfəsində Pensilvaniyadan Türkiyədəki tərəfdarlarına müraciət edən “xidmət” lideri sərt tənqid oxlarını öz üzərinə çəkmək bahasına da olsa, “Məzardan ölüləri çıxarıb Konstitusiya dəyişikliyi paketinə “hə” dedirtməliyik” - şəklində bəyanat verdi. Konstitusiya dəyişikliyi paketinə referendumdan 58%-lik dəstək çıxmasında “xidmə”tin rolu müstəsna dərəcədə idi. Bunun nəticəsində prokurorluq və ədliyyə orqanlarının dəyişən və genişlənən yeni strukturlarında “xidmət”in yetişdirməsi olduqları iddia edilən bir çox kadrın vəzifə alması mümkün oldu.

İki tərəf də gəlişmələrdən çox məmnun görünürkən 12 iyun 2011-dəki seçki ərəfəsində xidmətin AKP-yə dəstəyi davam etdi. Üçüncü iqtidar dönəminin başlaması ərəfəsində “Zaman” qəzetinin təcrübəli yazarı Hüseyn Gülərcənin yeni hökumətin qurulması prosesində AKP-yə “xəbərdarlıq” kimi xarakterizə edilə biləcək qeydlərini oxuduq. Gülərcə “iqtidarın ona dəstək verənlərlə daha çox paylaşılmasını” gündəmə gətirirdi. Ancaq Gülərcə, gündəmə gətirdiyi “iqtidarı daha çox paylaşma” məsələsində təkid etmədiyi kimi, hökumət də o məsələni görməzdən gəlirdi. 2012-ci il başlayarkən dalbadal ölkə gündəmini sarsan hadisələr yaşandı; futbol oyunlarının nəticələrinə əvvəlcədən təsir göstərmə cəhdlərinə nəzərdə tutulan cəzalarla bağlı Məclisdə edilən qanun dəyişikliyinə “xidmət”in yazarları sərt reaksiya göstərdilər, “Aksiyon” dərgisinin baş redaktoru Ahmet Turan Alkan qanun dəyişikliyinin ardınca yeni Konstitusiya yazılmasına başlanmaması halında “Bir baş nazirimiz vardı” - deyib üzüləcəyik” - sözləriylə baş nazir Ərdoğana ilk dəfə sərt üslubla xəbərdarlıq etdi. 6 yanvarda Baş qərargahın keçmiş rəisi İlkər Başbuğun “terrorçu” suçlamasıyla həbs edilməsi iqtidar -“xidmət” əməkdaşlığındakı “oppozisiya”nı ilk dəfə çılpaq şəkildə gözlər önünə sərdi; baş nazir Ərdoğanın, müavini Arıncın, prezident Gülün, Məclis sədri Çiçəkin çox saydakı açıqlamalarına baxmayaraq, nə məhkəmələr ordu generalı Başbuğu sərbəst buraxdı, nə də prokurorluq ona qarşı yazılmış ittihamnaməni yumşaltdı (siyasi şərhçilərin çoxu İlkər Başbuğun “terrorçu” ittihamıyla həbs edilib cəzalandırılmasını iqtidar - “xidmət” münasibətlərindəki qırılmanın başlanğıcı hesab etsələr də, “xidmət”in bəzi önəmli şəxsləri əslində ordu generalının, baş nazir Ərdoğanın “Bu niyə hələ də qıraqda gəzib ağzına gələni danışır?” - sözlərindən sonra tutulduğunu söyləyirlər.

Həbsxanada ölümcül vəziyyətdə ikən xəstəxanaya aparılan, oradan da sərbəst buraxılan ordu generalı Ərgin Sayqunla baş nazir Ərdoğanın əvvəlcə telefonda danışmasına, sonra isə xəstəxanada baş çəkməsinə “xidmət” tərəfindən sərt reaksiya göstərildiyindən də xəbərim olmuşdu. “Xidmət” hələ bu ilin qışında baş nazir Ərdoğanın generalları sərbəst buraxmaq üçün addımlar atacağından, günahın “xidmət”in prokurorluq və məhkəmələrdəki adamlarının boynuna atılacağından narahat idi). 6 yanvarda ordu generalı İlkər Başbuğun həbsxana maşınına mindirilərkən söylədiyi “Türkiyə Cümhuriyyətinin 26-cı Baş qərargah rəisi “terrorçu” suçlamasıyla həbs edilmişdir” - sözlərinin ölkədə yaratdığı çalxantının üzərindən düz 1 ay keçəndən sonra Cümhuriyyət tarixində görünməmiş ikinci hadisə yaşandı: terrorla mübarizə işlərinə baxan müstəntiq Saadəttin Sarıkaya Baş Kəşfiyyat İdarəsinin rəisini və bir neçə yüksək rütbəli kəşfiyyatçını istintaqa çağıranda müstəntiqin “xidmət”ə yaxın adam olduğu və bu addımın əslində birbaşa Tayyip Ərdoğana qarşı atıldığı iddia edilmişdi. Baş nazir Ərdoğan Baş Kəşfiyyat İdarəsinin rəisini və o biri məmurları ifadəyə getməyə qoymadığı kimi, Məclisin müvafiq komissiyası 2 gündə qanun layihəsi hazırlayıb sessiyaya təqdim etdi, 7 gündə qəbul edilən qanuna görə, Baş kəşfiyyat idarəsi rəisinin və yüksək rütbəli məmurlarının istintaqa çağırılması hökumət başçısının icazəsinə bağlandı. İqtidarla “xidmət” arasındakı soyuqluğun o hadisədən sonra şiddətləndiyini iddia edənlər az deyil. Bəzi müşahidəçilər isə Baş Kəşfiyyat İdarəsi rəisinin istintaqa çağırılması hadisəsinin iqtidarla “xidmət” arasında yaratdığı narazılığı aradan qaldırmaq üçün “xidmət”in Pensilvaniyadakı liderinin lazımi addımları ataraq Ərdoğanı razı salmadığına diqqəti cəlb edir, yaxın dönəmdə Türkiyənin siyasi həyatını nəzarətdə saxlayan iki qüvvədən birinin başında duran Tayyip Ərdoğanın ölkənin dini icmasına qarşı mövqeyinin sərtləşməsində 7 fevral faktorunun mənfi anlamda önəmli rolu olduğunu vurğulayırlar. Ki, bunda da haqlılıq payının az olmadığını söyləmək səhv olmayacaqdır.

Dərshanələri qapatmaq üçün hökumət başçısının nümayiş etdirdiyi qərarlılığa “xidmət” tərəfindən getdikcə şiddətlənən reaksiyanın şahidi oluruq; belə ki, xidmətə yaxın yazarlardan olan Mehmet Baransunun (düz xatırladınız, Balyoz prosesiylə bağlı sənədlərin bəzi ordu mənsubları tərəfindən çamadanda ona verildiyini söyləyən adam indi başqa çamadanla AKP-ni təhdid edir) 28 noyabrda “İcmanı bitirməyə dair Milli Təhlükəsizlik Şurasının 25 avqust tarixli qərarı”nın altında baş nazir Ərdoğan və dönəmin xarici işlər naziri Abdullah Gülün imzaları olan sənədi “Taraf” qəzetinin manşetindən paylaşması və Hüseyn Gülərcənin “Zaman”dakı köşəsindən milli təhsil naziri Nabi Avcıya sərt xəbərdarlıq xarakterində mesajlar ünvanlaması, Avcının keçirdiyi toplantıya girməsinə icazə verilməyən “Zaman” yazarının toplantıdakı müzakirələri yazması və s. gəlişmələr, Ərdoğanın göstərdiyi qərarlılığa qarşı “xidmət”in təpkilərinin sərtləşəcəyinin işarələri sayıla bilər. Türk siyasət tarixinin yaxın keçmişinin ölkədəki bütün qurumları qeydsiz-şərtsiz şəkildə nəzarət altına almış iki aktyorunun arasında bu dərəcədə kəskin mübahisə yaşanırsa, bunu sadəcə dərshanələr çərçivəsində dəyərləndirmək proseslərin yarımçıq təhlilinə səbəb olacaqdır. Elə isə bu qədər yaxın olan iki müttəfiqin getdikcə sərtləşən mübahisələrinin və Türkiyə siyasətində əməlli-başlı təsiri olan “gizli sənəd və kaset” kimi “instrumentləri” tədavülə daxil etmələrinin arxa planında nələr ola bilər?

Birləşdirən ayırırmı?

“Ergenekon” adı verilən əməliyyatların ən gurultulu dönəmlərində (2008-in payızına doğru) keçmiş prezident Süleyman Dəmirəlin “Bu, böyük bir plandır, bunu həyata keçirənlər Türk ola bilməz, arxasında əcnəbi qüvvələr var” - dediyini “Akşam”da Oray Eğinin köşəsində oxuyaraq bir tərəfə qeyd etmişdim. Türk siyasətinin duayeninin bu sözlərinin daha sonra ortaya çıxan Balyoz prosesi üçün önəmli ipucları verdiyini gördük. Hətta ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun “Biz orduya qarşı əməliyyatların məhdud çərçivədə aparılmasını istəmişdik, ancaq çərçivə həddindən artıq genişləndirildi” - şəklində danışdığı da iddia edildi. Türk ordusunun 2000-ci illərdəki idarəçilərinin önəmli dərəcədə çıxdaş edildiyi hər iki prosesin iqtidar - “xidmət” əməkdaşlığıyla həyata keçirildiyini hamı görsə də, başda ordu generalı İlkər Başbuğun “terror təşkilatı qurmaq və idarə etmək, hökuməti yıxmağa təşəbbüs” - suçlamalarıyla ömür boyu həbsə məhkum edilməsinə cəmiyyətin böyük qismini inandırmaq mümkün olmadı.

Prosesləri tərəfsiz gözlə dəyərləndirən hüquqşünasların həmrəy olduğu fikrə görə, əksəriyyəti ekspertizadan keçməyən imzasız sənədlərə istinad edilərək və cəza məhkəmələri qanununun bir çox maddələri pozularaq verilən cəzaların yüksək məhkəmə tərəfindən də təsdiq edilməsindən sonra daxili hüquq yolları tükənmişdir və Türkiyə içində bu qədər ağır qanun pozuntuları sadəcə ümumi əfvlə təmizlənə bilər. Əgər hökumət ümumi əfv çıxarmazsa, həbsdə olanların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdən başqa çarələri qalmır. O durumda isə Türkiyəni ağır cəzaların gözləyəcəyinə dair hətta AİHM-in özündən gələn xeyli ciddi işarə var. İqtidarla “xidmət” arasında dərshanələr üzərindən başlamış sərt mübahisənin səbəbləri arasında bu faktor çox önəmli yerə sahibdir. Belə ki, 16 noyabrda Diyarbakırdakı çıxışında baş nazir Ərdoğanın “həbsxanaların boşalacağından” bəhs etməsi siyasi müşahidəçilər tərəfindən “əfv barədə beyin məşqi” kimi dəyərləndirildi. Bunun olub-olmayacağı bəlli deyil, ancaq əfv olması halında bunun həbsxanalardakı ordu mənsublarına, yazar və jurnalistlərinə şamil edilməməsinin cəmiyyətdəki narazılığı artıracağını təxmin etmək çətin deyildir.

İqtidar - “xidmət” əməkdaşlığında ikinci tərəfin ən çox ehtiyatlandığı məsələlərdən biri budur: baş nazir Ərdoğanın əfv yoluyla həbsdəki ordu mənsublarını sərbəst buraxdırması halında qanunsuz şəkildə cəzalandırıldıqlarını söyləyən hərbçilərin, prokurorluq və məhkəmələrin “xidmət”ə yaxın olduğu iddia edilən bir çox əməkdaşıyla hüquq müstəvisində “haqq-hesab çəkəcəyi”ni təxmin etmək üçün münəccim olmağa gərək yoxdur. Bu durum isə “xidmət”i, hal-hazırda ölkə gündəminin birinci maddəsini təşkil edən “dərshanələrin qapadılması” məsələsiylə eyni dərəcədə narahat edə bilər. Başqa sözlə desək, indiki halda dərshanələrin qapadılması üzərindən şiddətlənən mübahisələr Türkiyə Cümhuriyyəti tarixinin ən böyük məhkəmələri olan Ergenekon və Balyoz proseslərinin əfv yoluyla “təmizlənməsi” mərhələsinə keçərsə, baş nazir Ərdoğan bunun məsuliyyətini “xidmət”in üzərinə yükləyib “yaxasını kənara çəkə bilər”; ona görə də “xidmət” baş nazir Ərdoğanın həbsdə olan ordu mənsublarının adını belə tələffüz etməsinə soyuq yanaşır və dərshanələr üzərindən başlayan mübahisələrdə bütün gücünü ortaya qoyaraq hökumət başçısına “həddini bildirmək istəyir...” Dərshanələrin qapadılması məsələsinə “xidmət”in verdiyi reaksiyanı iqtidara yaxın jurnalistlər “Tayyip Ərdoğanın prezidentlik niyyətinin əngəllənmə cəhdi” - kimi də dəyərləndirərkən haqsız sayılmamalıdırlar.

3 ay əvvəl də yazdıq; Türk siyasəti yenidən dizayn edilir, Tayyip Ərdoğanla həyata keçirilmək istənilərkən radikallaşma meylləri göstərən “mülayim islam” layihəsinə Qərb yeni format çəkir. Yaxın dönəmə əhdi-peyman bağlamış dərəcədə yaxın olan və ölkənin bütün qurumlarını nəzarəti altına almış iki qüvvə arasında dərshanələrin qapadılması motivi üzərindən başlayan rəhmsiz mübahisələri təhlil edərkən kənardan səhnəyə qoyulan planlı bir ayrılmanı da müşahidə edə bilərsiniz. Yeni dizayna kimin girib-girməyəcəyini təxmin etməkdə çətinlik çəkirsinizsə, bir az daha gözləyin...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR