Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasındakı çıxışı Cənubi Qafqazın gələcəyi baxımından çox vacibdir - TƏHLİL

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasındakı çıxışı Cənubi Qafqazın gələcəyi baxımından çox vacibdir - TƏHLİL
  • Clock-gray 16:51
  • calendar-gray 19 Dekabr 2020

Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında  iclası baş tutub. İclasda Azərbaycan Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edib. Azərbaycan Prezidentinin nitqi iki hissəyə bölünməklə birinci hissəsi COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın gördüyü işlərə, ikinci hissəsi isə Ermənistan-Azərbaycan müharibəsinə həsr olunub.  Ermənistan-Azərbaycan arasında son yaşananlarla  bağlı  Prezident müharibənin səbəbləri və nəticələri, hazırkı dövrdə işğaldan azad olunmuş ərazilərdə müşahidə olunan vəziyyət, Ermənistanda cari vəziyyət və işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma işləri haqqında olduqca vacib məqamlara toxunub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin çıxışı MDB-ni təmsil edən bütün dövlətlərdə, ələlxüsus Rusiya və Ermənistanda ciddi izlənilib. 

Qarabağ həqiqətlərinin MDB platformasında işıqlandırılması kifayət qədər vacib faktordur. Çünki təşkilatı təmsil edən dövlətlər illərlə Azərbaycanla eyni dövlətin tərkibində olub və bölgəyə ən yaxın ölkələr sayılır. Həmçinin, həmin dövlətlərin bir çoxu Ermənistan və Rusiyanın iştirak etdiyi Avrasiya İttifaqı və KTMT kimi təşkilatlarda yer alırlar. Bu isə o deməkdir ki, münaqişə ilə bağlı MDB-nin tutduğu mövqe bəlkə ilk baxışdan vacib sayılmasa da, kifayət qədər önəmlidir. Ermənistanın demək olar ki, bütün hərbi və iqtisadi əlaqələrinin bu məkanda olmasını nəzərə alsaq, Qazaxıstan, Belarus, Özbəkistan kimi dövlətlərin istər münaqişə ilə bağlı tutduğu mövqe, istərsə də Ermənistanla gələcək iqtisadi və hərbi münasibət perspektivləri Azərbaycanın bu istiqamətdə apardığı siyasətdən birbaşa asılıdır. KTMT və Avrasiya İttifaqı çərçivəsində  bu dövlətlərin kollektiv halda Rusiyaya da müəyyən təsir imkanlarının effektiv olmasını da kənara ata bilmərik. Belarus və Qazaxıstanın KTMT üzvləri kimi 44 gün ərzində tutduqları mövqe və təşkilatın Qarabağda müharibəyə qoşulmaması bu istiqamətin nə dərəcədə vacib olduğunun misallarından biridir. 

 

Təbii ki, MDB və Qarabağ haqqında danışarkən ilk növbədə Rusiya faktorunu nəzərə almaq lazımdır. Planetin hər bir nöqtəsində müharibə etmə “monopoliyasını” ABŞ, Britaniya, Fransa kimi dövlətlərlə bölüşən Rusiyanın Qarabağ məsələsində kifayət qədər ciddi təsir imkanlarına malik olması hamıya məlumdur. Bütün bunları nəzərə alan Prezident çıxışında Putinə münaqişənin siyasi metodlarla həll edilməsində fəal iştirakına görə bir daha təşəkkürünü bildirib. “Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir” – deyə İlham Əliyev qeyd edib.

 

Etiraf edək  ki, bu abzas Ermənistan üçün çox ciddi psixoloji təzyiqdir. Putinin MDB iclasında özünün bir gün əvvəl “Qarabağ Azərbaycan ərazisidir” fikirlərinə  istinadı şərh etməməsi razılığın ifadəsidir.  

 

Bununla da Azərbaycanın dövlət başçısı Ermənistanın iqtidarlı-müxalifətli bütün təbəqələrinə bildirmək istəyib ki, Dağlıq Qarabağın gələcək statusu ilə bağlı xəyallar qurmaq yolverilməzdir, bu istiqamətdə Azərbaycan və Rusiyanın fikirləri  üst-üstə düşür. 

 

Əlvida, status !

 

Yeri gəlmişkən, dekabrın 19-da Rusiya prezidenti Vladirimir Putin Qarabağla bağlı çıxışında bölgənin gələcək statusuna toxunub, lakin statusdan əvvəl Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qeyd edib. Bu isə o deməkdir ki, Rusiya prezidenti gələcək perspektivdə Dağlıq Qarabağda erməni əhalisinin çoxluq təşkil etdiyi rayonlarda yalnız və yalnız kiçik bir yerli idarəetmə formasını nəzərdə tutub. Beləliklə, Dağlıq Qarabağın gələcəyi ilə bağlı ermənilərin “öz müqqədaratını təyin etmə” və ya status alma kimi iddiaları alt-üst olaraq tarixin qaranlıq səhifələrinə qərq olur. Elə bunun nəticəsidir ki, Ermənistan mətbuatı dekabrın 19 və 20-də Prezident Putin və Əliyevin münaqişə ilə bağlı çıxışlarını Ermənistan üçün çox xoşagəlməz bəyanatlar kimi qeyd edib.  

 

Üçtərəfli Bəyanatın yerinə yetirilməməsi Ermənistanın sonu demək olacaq

 

Prezident İlham Əliyev son zamanlar bir sıra xarici qüvvələrin və Ermənistanın daxilindəki qrupların mövcud vəziyyətlə barışmaq istəmədiklərini və Üçtərəfli Bəyanata xələl gətirmək məqsədi güddüklərini qeyd edib. O bildirib ki,  “Rusiya Prezidenti Vladimir Putin də müsahibələrinin birində bildirib ki, Ermənistanın razılaşmanın icrasından imtina etməsi onun üçün faciəvi nəticələrə gətirib çıxara bilər”. Doğrudan da, Ermənistan başa düşməlidir ki, əgər 44 gün ərzində məhv edilən Ermənistan ordusu və rüsvay edilən bu ölkənin hərbi-siyasi isteblişmenti kapitulyasiyaya getməsəydi, bu, bütün erməni cəmiyyəti üçün faciə ilə nəticələnəcəkdi. Əgər bundan sonra Ermənistanda kimlərsə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi istiqamətində təxribatlara əl atacaqsa, o zaman bir daha Azərbaycan ordusunun dəmir yumruğu ilə üz-üzə qalacaqlar. Bu xəbərdarlıq onlara artıq bir neçə dəfə edilib. 

 

Prezident qeyd edib ki, “Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən, biz keçmişi nəzərdə tuta bilərik. Bu, artıq tarixdir. Regionun gələcəyi, uzunmüddətli və dayanıqlı sülh əsasən Ermənistan rəhbərliyinin vəziyyəti necə düzgün qiymətləndirəcəyindən asılıdır”. Bəli, Ermənistanın indiki və gələcək rəhbərliyi  Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Dağlıq Qarabağın ölkəmizin tərkib hissəsi olmasıyla barışmalı və gələcəyə baxmalıdırlar. Əgər sərsəm erməni xülyası bundan sonra da Azərbaycana qarşı torpaq iddialarıyla çıxış edəcəksə, o zaman gələcək perspektivdə rəsmi Bakı vaxtı ilə Azərbaycanın razılığı olmadan ondan qopardılan bugünkü Ermənistan ərazisində olan tarixi torpaqlarımız barəsində qəti addımlar ata bilər. Ermənistan cəmiyyəti, ümumdünya erməni diasporası və erməni kilsəsi reallığı nəzərə almalı və özləri üçün riskli addımlardan çəkinməlidirlər. Əgər Prezident İlham Əliyevin xəbərdarlığına məhəl qoymasalar, buŞ onlar üçün pis nəticələnəcək. Necə ki bundan əvvəl İlham Əliyev Ermənistana etdiyi bütün xəbərdarlıqlardan sonra vədinə əməl etdi. 

 

Prezident İlham Əliyevin müharibəyə qədər Ermənistana etdiyi xəbərdarlıq və cəza

 

Ermənistan Baş naziri Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından sonra Prezident İlham Əliyev bütün dünyaya “Qarabağ Azərbaycandır və nida!” dedi və təxminən 1 il sonra dediyinə əməl etdi. Qarabağ Azərbaycana qayıtdı! 

 

Prezident çıxışında Ermənistanın Qarabağla bağlı digər təxribatlarına da toxunub. “Qondarma “DQR”-in parlamentinin Xankəndindən Şuşaya keçirilməsi, cinayətkar rejimin başçısının Şuşada “inaqurasiyasının” keçirilməsi Azərbaycan xalqına qarşı təhqir idi. Bunda məqsəd situasiyanı gərginləşdirmək, Azərbaycanı təxribata çəkmək və hərbi toqquşma baş verməsini əsas gətirərək danışıqlar prosesini təxirə salmaq idi”.

 

Siyasətin çox vacib qızıl qanunu var - düşmənin daha çox səhv etməsinə imkan yaratmaq. Bu illər ərzində düşmənin dəfələrlə danışıqları pozması, əldə edilmiş razılıqlardan boyun qaçırması, Putinin yanında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsinin bədəli ağır olmalı idi. Ən son 2011-ci ildə Kazan razılıqlarından sonra Serj Sarkisyanın vaxt uzatması, aprel döyüşlərindən sonra isə, verdiyi sözü tutmayaraq 2018–ci ildə sülh sənədinə imza atmaması Azərbaycan üçün çox yaxşı hədiyyə oldu. Nəticə göz qabağındadır. Dünənə qədər 5 rayon + Kəlbəcər, Laçın, sonra isə Dağlıq Qarabağın gələcəyi barədə danışıqlara buraxılırdısa, indi Azərbaycan təkcə 5 rayonu deyil, eyni zamanda Laçın, Kəlbəcər, Şuşa, Hadrut və digər rayon, şəhərlər üzərində ərazi bütövlüyünü təmin etdi, Zəngəzur vasitəsilə Naxçıvan və Türkiyə ilə kommunikasiyanı bərpa etdi. Bu, o Ermənistan idi ki, müharibəyə qədər Azərbaycana qarşı “yeni müharibə, yeni ərazilər” konsepsiyasını irəli sürmüşdü. Prezident İlham Əliyev Ermənistanın daha bir xəyalına toxunaraq aşağıdakıları qeyd edib: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəyanatları arasında Azərbaycanı qorxutmaq məqsədi daşıyanlar da var idi. İddia edilirdi ki, əgər Azərbaycan öz mövqeyini davam etdirsə, Ermənistan tankları Bakıya gələcək. Belə də oldu, amma Ermənistan tankları dekabrın 10-da keçirilmiş hərbi paradda qənimət kimi nümayiş etdirildi”.

 

Köçaryan və Sarkisyana Azərbaycan silləsi

 

44 günlük müharibənin nəticəsi  əslində təkcə Paşinyan üzərində qələbə deyil. Prezident İlham Əliyev Levon Ter-Petrosyan, Robert Köçaryan, Serj Sarkisyan, Zori Balayan və digərləri üzərində qürurlu qələbəyə imza atdı. Şahmat dili ilə desək, Prezident  onları “şah və mat” etdi. Qələbə məsələsinə toxunan Prezident bildirib ki,  “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”.

 

Bölgənin gələcəyi və yeni layihələr

 

Dağlıq Qarabağla bağlı çıxışının sonunda Prezident təmir-bərpa işlərinə toxunub. O qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə mənzil fonduna, tarixi-mədəni abidələrə və ekologiyaya vurulmuş ziyan qiymətləndirilir. Yol və digər infrastrukturlarla bağlı layihələrə başlanılmaqdadır. Azərbaycan dövlət başçısı Qarabağda baş tutacaq gələcək layihələrdə ilk növbədə məhz müharibə dövründə ölkəmizə dəstək olan dövlətlərin iştirak edəcəyini bildirib. “Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

 

Bəli, Prezident İlham Əliyev həm ordumuzun dəmir yumruğu, həm də çıxışları ilə Ermənistanın bütün siyasi rəhbərlərinə tarix dərsini verdi. Prezident İlham Əliyevin MDB dövlət başçılarının sessiyasındakı çıxışı Cənubi Qafqazın dünəni, bu günü və gələcəyi prizmasından çox vacib idi.  İclasa sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi və qeyd etdi ki,  “Siz dinc əməkdaşlıq və gələcək qarşılıqlı fəaliyyət məsələləri barədə çox ətraflı danışdınız. Əlbəttə, biz də hər şeyi müşahidə edirik, hər şeyi görürük və Sizin sözlərinizin çoxu təsdiqlənir, ona görə ki, biz özümüz də bunların şahidləri olmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmlənməsinə və davamlı inkişafa yönəlmiş bütün səyləri bundan sonra da dəstəkləməyə hazırıq”.

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

 

 

apa-logo-mini

Digər xəbərlər