Uşaq hüquqları ilə bağlı problemlər: Yuvenal ədliyyəyə keçid tamamlanmalıdır - ŞƏRH

Uşaq hüquqları ilə bağlı problemlər: Yuvenal ədliyyəyə keçid tamamlanmalıdır - ŞƏRH
# 01 iyun 2020 14:40 (UTC +04:00)

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən bu günün qeyd olunması qərara alınıb.

Təbii hüquq məktəbinə görə insan yaranandan azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqları var. Bu hüquqlar insana yaranışından verilən hüquqlardır.

“Uşaq kimdir” sualına müxtəlif cəmiyyətlər müxtəlif də cavab verib.

Sufilərə görə, insanın uşaq və yetkin olması əqli, mənəvi məsələlərlə bağlıdır. İslama görə, uşaqlıq cinsi yetişkənliyə qədər olan dövrdür. Sağ yanaşmaya görə, müstəqil əmlaka sahib olmaq uşaqlıq dönəminin sona çatmasıdır. Bizim tariximizdə, məsələn, Səfəvi tarixində qundaqdakı körpənin də şah elan edilməsinə rast gəlirik.

BMT Baş Assambleyasının 20 noyabr 1989-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına görə, 18 yaşa qədər şəxslər uşaq hesab edilir. Konvensiya dünyanın hər yerində uşaqlar üçün minimal həyat standartları müəyyən edir. Konvensiyada hüquqlar 4 kateqoriyaya bölünür: inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqları.

Azərbaycanda yerli qanunvericilik konvensiyalara uyğunlaşdırılıb, bu proses davam edir. Ölkəmizdə 2009-cu il "Uşaq ili" elan olunub.

Konstitusiyada uşaqların qayğısına qalmağın, onları tərbiyə etməyin valideynlərin borcu olduğu qeyd edilir. Və bu prosesə dövlət nəzarəti var. Valideyni olmayan uşaqlar isə dövlətin xüsusi himayəsindədir.

Çox təəssüf ki, hazırda həm ölkəmizdə, həm də əksər ölkələrdə uşaqların işçi qüvvəsi, insan alverinin predmeti kimi istifadə olunması halları var. Qanunvericiliyə görə isə uşaqları onların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

Uşaqlar eyni zamanda məişət pozuntularının qurbanı da olurlar.

Ailələrdə evlənib-boşanma mədəniyyətinin aşağı olması, valideynlərin uşaqdan bir-birinə qarşı silah kimi istifadə etməsi uşaqlarda ağır travmalar yaradır, onların həyatının normal məcrasını pozur. Nikah müqaviləsi tərəflərinin bir-birindən ayrılmasının onların ata-ana statusunun dəyişməsini anlamamaları daha çox mənəvi-əxlaqi məsələ olduğu üçün qanunvericiliyin şərtləri uşaqları çox zaman travmadan qoruya bilmir.

Cinayət qanunvericiliyimizdə uşaqlar üçün yaş həddi 14-18 yaş arası müəyyən edilib. Qanunvericiliyə görə, 18 yaşa çatmamış şəxslər cinayət hüququnun uşaqlar üçün təmin etdiyi xüsusi müdafiə vasitələrindən yararlanır. On səkkiz yaşına çatmayan şəxslər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmir, azadlıqdan məhrumetmə cəzası isə 10 ildən artıq ola bilməz.

Digər cəzalarda da yetkin insanlarla 18 yaşına çatmayanlar arasında xeyli fərqlər var. Məsələn, 16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir.

Bəzi Avropa ölkələrində uşaqların cinayət məsuliyyətinə cəlb edilmə yaşı 8-18 arası dəyişir.

Cinayət Prosessual Məcəlləmizdən (CPM) bir müddəaya diqqət çəkmək istəyirəm.

Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. Lakin uşağın müstəntiqin yanında dindirilmə forması əksini tapmayıb. Mənim fikrimcə, uşağın müstəntiqin yanında deyil, onun üçün daha pozitiv olacaq mühitdə dindirilməsi, bu dindirmə prosesində müstəntiqin uniformada olmaması daha səmərəli ola bilər.

14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.

Yetkinlik yaşına çatmayan şəxslər istintaqa qanuni nümayəndələri vasitəsi ilə çağırılır. O zaman belə sual ortaya çıxır: Bəlkə elə uşağa qarşı cinayəti törədən valideyni, onun qanuni nümayəndəsi qismindəki şəxsdir?! Uşağın onun yanında dindirilməsi necə effektiv ola bilər?! Bizim reallıqda uşaqlar valideynləri yanında həqiqəti danışa bilirlərmi?!

Hazırda CPM-də 50-ci fəsil “Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri” ilə bağlıdır. Lakin bu fəsil belə uşaqlarla bağlı icraatı yerinə yetirməyə imkan vermir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün bəlkə də ən böyük hədiyyə yuvenal ədliyyəyə keçidi tamamlamaq olardı. Uşaq hüquqları qanunun aliliyi ilə təmin edilməlidir.

"Yuvenal ədliyyə" sisteminə keçid, həmçinin, ixtisaslaşdırılmış regional ailə məhkəmələrinin təşkili qaçılmazdı. Hüquq-mühafizə orqanlarında ailə məsələləri ilə bağlı ayrıca strukturun formalaşması, burda çalışacaq əməkdaşlara təlim və treninqlərin keçirilməsi, bu strukturlarda müəllim, həkim, psixoloq kimi vəzifələrin nəzərdə tutulması da vacibdir.

İstintaq və ədalət mühakiməsində də uşaqlarının maraqlarının üstün tutulması zəruri və labüddür.

Təqsirli hesab edilən uşaqla rəftar onda ləyaqət və mənlik hisslərini öldürməməli, əksinə inkişafına təkan verməli, uşaqda insan hüquqlarına hörməti möhkəmləndirməyə xidmət etməlidir.

Uşaqların fiziki, psixoloji bərpası, sosial reabilitasiyası üçün imkanlar hazırlanıb işlənməli, uşaqları saxlama yerlərinə yerləşdirməkdənsə onların bərpasına çalışmaq başlıca məqsəd olmalıdır.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü qutlu olsun. Cinayət, cəza, işgəncə, pis rəftar, ölüm uşaqlardan uzaq olsun!

Şamil Paşayev

Hüquqşünas

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR