Ermənistanın növbəti məğlubiyyəti: Azərbaycan mövqelərini gücləndirir - TƏHLİL

Ermənistanın növbəti məğlubiyyəti: Azərbaycan mövqelərini gücləndirir - TƏHLİL
  • Clock-gray 16:27
  • calendar-gray 03 Oktyabr 2019

Avrasiya İqtisadi İttifaqının (Aİİ) İrəvanda sammitinin baş tutacağı son ana qədər sual altında idi. Bu ehtimalı, əsasən, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı demarşları azaldırdı. Əslində, İrəvanın toplantıya ev sahibliyi etməsi bir protokol qaydası idi və son ana qədər bəlli deyildi ki, Rusiya prezidenti Vladimir Putin sammitə qatılacaq, yoxsa yox. N. Paşinyan iqtidarı dəfələrlə Moskvadan Aİİ-nin sammitinin keçirilməsini xahiş etsə də, Kreml “Soros tərəfdarları”ndan formalaşdırılan Ermənistan hakimiyyətinə şans vermək fikrində deyildi. Protokola görə sammit Ermənistanda keçirilməli idi, lakin Putinin toplantıya qatılacağı barədə hələ yekun fikir söylənməmişdi. V. Putin İrəvana son anda səfər elədi. Lakin Rusiya prezidentinin Ermənistana səfəri də protokol qaydasından uzağa getmədi. Ümumiyyətlə, “İrəvan sammiti” gözlənildiyi kimi, sıradan bir tədbir oldu və toplantı çərçivəsində heç bir mühüm sənədə imza atılmadı.

Toplantının iflasa uğramasından Ermənistan hakimiyyəti də qıcıqlanıb. Lakin Ermənistan mətbuatı daha çox sammit çərçivəsində reallaşan İran-Ermənistan müzakirələrini qabartmaqla, diqqəti Aİİ-nin toplantısının uğursuzluğundan yayındırmaq istəyir. Hazırda Paşinyana müxalifət mövqedə duran, keçmiş hakimiyyətə yaxın olan siyasi dairələr və mətbuat vurğulayır ki, Paşinyan və İran prezidenti Həsən Ruhani arasında baş tutan müzakirələrdə hazırkı hakimiyyətin heç bir rolu yoxdur. Onların söslərinə görə, adıçəkilən müzakirələr Serj Sarkisyanın iqtidarı dönəmində gerçəkləşən “enerji daşıyıcıları əvəzinə qaz” proqramı çərçivəsində baş tutub. O ki qaldı Putinin və Rusiyanın Paşinyana münasibətinə, prosesin daha dərin təhlili göstərir ki, Putinin Paşinyana və ümumiyyətlə Moskvanın İrəvana münasibəti Sarkisyanın devrilməsi və Koçaryanın həbsi ilə bağlı deyil. Bəli, belə bir məqam mövcuddur. Lakin bu, köməkçi elementdir, həlledici amil anlamına gəlmir. Məsələ ondadır ki, Ermənistan Baş nazirinin yürütdüyü qeyri-konstruktiv, qeyri-ardıcıl, paradoksal siyasət belə münasibətlə nəticələnməli idi. Paşinyan diplomatiya barədə təsəvvürə belə malik deyil. İrəvanın hazırkı xarici siyasəti o dərəcədə təzadlıdır ki, bölgədəki və dünyadakı reallıqlarla qətiyyən uzlaşmır. Onu da vurğulayaq ki, Koçaryan-Sarkisyan dönəmində də İrəvanın manevr imkanları daralmışdı və Paşinyanın iqtidara gəlməsi məhz bu cütlüyün buraxdığı kobud səhvlərinin nəticəsi idi. Paşinyan dalana dirənmiş bir ölkəni miras alıb və bundan sonra bu ölkə ilə nə edəcəyini anlamır. Ermənistanın yeni Baş naziri qısa bir zamanda fiaskoya uğradığını dərk edir və Ermənistan-Rusiya münasibətlərini heç olmasa dalana dirənmiş Koçəryan və Sarkisyan dönəminə qaytarmağa cəhd göstərsə də, Kreml yalnız protokol qaydasına uyğun davranmaqla kifayətlənir. 

Ermənistan diplomatiyası məğlub durumdadır, Aİİ-nin son toplantısı da bunu sübuta yetirdi. Belə ki, adətən, belə mühüm tədbirlərə ev sahibliyi edən ölkə başçıları ayrı-ayrılıqda hər bir dövlət  başçısı ilə görüşür, tədbir çərçivəsində  mühüm sənədlərə imza atılır. Bu dəfə isə diqqəti çəkəcək heç bir ciddi müzakirələr aparılmadı. Paşinyana yaxın mətbuatın bu qədər qabartdığı İranla aparılan müzakirələrə gəldikdə isə bunu İrəvanın uğuru kimi deyil, Tehranın manevri kimi dəyərləndirmək olar. Belə ki, İrana  qarşı Qərb ölkələri tərəfindən sanksiyalar  qüvvədə olduğundan Tehran belə toplantı və təmaslardan öz maraqları üçün istifadə edir. İran Aİİ-na maraq göstərməklə əslində, Qərblə Rusiya arasında manevr edir. Tehran bununla Qərbə nümayiş etdirir ki, sanksiyalar İslam Respublikası üzərindən götürülməsə, Rusiya ilə daha da yaxınlaşa bilər. Göründüyü kimi, burada Ermənistanla əməkdaşlıqdan söhbət getmir, İran Rusiyaya yaxınlaşa biləcəyini vurğulamaqla Qərbin sanksiyalarından yayınmağın yollarını arayır.

Bir məqama da diqqət edək ki, Paşinyan İrəvana səfər edən Putinin dilindən xüsusi bəyanatların səslənəcəyini gözləyirdi. Putin isə nəinki Paşinyanın ünvanına xoş jestlər etdi, əksinə, onunla günün sonunda, özü də sammit çərçivəsində görüşməklə Ermənistana və onun Baş nazirinə olan münasibətini nümayiş etdirmiş oldu.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası onun yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Bütün bunların - Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf idir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir.

Unutmaq olmaz ki, Sarkisyan rejiminin də Kremllə ciddi problemləri mövcud idi və əvvəlki hakimiyyət Qərbə, Avropa İttifaqı ilə əməkdaşlığa can atırdı. Ziddiyyətli, qeyri-konstruktivlik üzərində qurulan siyasət Sarkisyanın sonunu gətirdiyi kimi, Paşinyanın da sonunu gətirə bilər.

Sarkisyan rejiminin sonunun gəlməsində mühüm rol oynamış daha bir faktor isə Ermənistanın işğalçılıq siyasətini israrla davam etdirməsi idi. Paşinyan da o yolu gedir. Paşinyanın rəhbəri olduğu Ermənistan işğal davam etdirməklə (işğal faktını Paşinyan özü etiraf edir) özünü bütün beynəlxalq layihələrdən kənarda qoyur və yeganə sığındığı ölkə olan Rusiya ilə münasibətlərinin korlanması isə İrəvanı tam çıxılmaz vəziyyətə salır. Bütün bunlar İrəvanın müstəqilliyin ilk illərindən yürütdüyü birqütblü siyasətin nəticəsidir. Paşinyan Ermənistanın üzünə açıq olan yeganə qapını qapatmaqla ölkəsini tam fiaskoya uğradıb. Paşinyan Ermənistanın son nəfəsliyini bağlamaqla, bir siyasətçi olaraq, özünün də sonunu yaxınlaşdırır.

Artıq heç bir müstəvidə İrəvan Bakı ilə rəqabət apara bilmir. Hazırda Azərbaycan daha əlverişli mövqedədir. Bakının başlıca uğuru isə çoxvektorlu siyasətə üstünlük verməsidir. Avro-atlantik məkana inteqrasiya ilə yanaşı, Azərbaycan İslam və türk dünyası, o cümlədən Rusiya ilə sıx əməkdaşlıq edir. Azərbaycan diplomatiyası Ermənistandan fərqli olaraq, yalnız bir ölkənin maraqlarına xidmətə yönəlməyib. Onu da qeyd edək ki, bu gün dünyada cərəyan edən proseslər fonunda - Yuqoslaviyanın dağılması, Əfqanıstanda, Suriyada,  İraqda, Liviyada, Misirdə davamlı xaosun yaşanması, Ukraynanın faktiki olaraq parçalanması dünyanın xaosa sürükləndiyini göstərir. Bu kontekstdə böyük geosiyasi güclərin terror qrupları yaratması, onları silahla təmin etməsi çox ciddi təhdid olaraq qalmaqdadır. Bu təhdid hər kəsi düşündürür. Azərbaycan Prezidenti İlham Əliyevin dünyanı düşündürən bu kimi problemləri araşdıran, məşhur “beyin mərkəzləri”ndən olan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasına dəvət olunması Bakının tutduğu yolun nə dərəcədə doğru, mövqeyinin nə dərəcədə sanballı olduğunu göstərir. 2004-cü ildə yaradılan “Valday” Beynəlxalq Diskussiya Klubunun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində  keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Digər ölkələrin rəhbərləri isə bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir. Bakı dünya gücləri ilə birlikdə "Proseslər belə davam edərsə, dünyanı hansı təhlükələr gözləyir? Dünyada sabitliyi, təhlükəsizliyi, iqtisadi artımın dayanıqlığını necə təmin etməli? İnsanların rifah halını necə artırmalı?" suallarına cavab axtarır. Paşinyanın erməni “obıvateli”nə ünvanlanmış “Miatsum” çağırışı fonunda Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”nin plenar iclaslarına dəvət alması Azərbaycanın, onun rəhbərinin beynəlxalq aləmdəki yerinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirakla yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi həm də iki ölkə və iki lider arasında münasibətlərin nə dərəcə yüksək səviyyədə olmasının təzahürüdür.  

APA Analytics

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date