MDB - Bakının çoxvektorlu diplomatiyasının tərkib hissəsi kimi - TƏHLİL

MDB - Bakının çoxvektorlu diplomatiyasının tərkib hissəsi kimi - TƏHLİL
  • Clock-gray 19:35
  • calendar-gray 20 Sentyabr 2019

1991-ci ildə SSRİ-nin dağılmasının qarşısının alınmaz olduğunu dərk edən Rusiya, Ukrayna və Belarusun rəhbərləri - Boris Yeltsin, Leonid Kravçuk və Sergey Şuşkeviç  "Belovejsk sazişi" adlanan sənədə imza atdılar. Bu sənəd SSRİ-nin fiaskosunu təsdiqləyən ilk sənəd oldu. Beləliklə də, 8 dekabr 1991-ci ildə MDB-nin əsası qoyuldu.

21 dekabr 1991-ci ildə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşulmaq haqqında ümumi razılığa gəldi və “Alma-Ata deklarasiyası” qəbul olundu. Keçmiş Sovet İttifaqı respublikaları daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək, siyasi, iqtisadi mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan etdi. MDB üzvü olan ölkələrin hər birinin ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləri olduqlarını da bəyan olundu

22 yanvar 1993-cü ildə isə MDB Dövlət Başçılarının Şurası yaradıldı. Lakin Azərbaycan parlamenti hələ də MBD üzvlüyü ilə bağlı qərarı təsdiqləməmişdi və rəsmi Bakı sammitə yalnız müşahidəçi kimi qatılırdı. Belə bir sənəd 1993-cü ilin 20 sentyabrında qanunverici orqan tərəfindən təsdiq ediildi və Azərbaycan MDB-nin tamhüquqlu üzvü oldu.

MDB-nin yaranmasında əsas məqsəd keçmiş SSRİ ölkələri arasında dövlətlərarası münasibətlərin qorunub saxlanılması, iqtisadi inteqrasiyanın istiqamətlərinin müəyyənləşdirilməsi idi. Lakin bu məsələ ilə bağlı Bakıda birmənalı fikir yox idi. 1992-ci ilin mayında Azərbaycanda yeni hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə tamamilə fərli mövqe nümayiş etdirirdi, Ruaiya ilə münasibətlər çox gərginləşmişdi.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdandandan sonra isə vəziyyət dəyişdi. Heydər Əliyev Cənubi Qafqaza ən böyük təsir imkanlarının Rusiyada olduğunu anlayırdı. Odur ki, ölkə başçısı kimi ilk səfəri Rusiyaya etdi. O vaxtlar Rusiyada ermənipərəst elitanın təmsil edilməsinə baxmayaraq, bu səfərdən sonra Bakının Moskva ilə olan gərgin münasibətləri  yumşalmağa başladı. Lakin Heydər Əliyev Rusiya ilə yaxınlığı prioritet kimi qəbul etmədi. MDB-yə üzv olduqdan sonra Azərbaycan Qərbə inteqrasiya, İran və türkdilli dövlətlərlə, İslam dünyası ilə əlaqələrinin qurulmasına nail ola bildi. Azərbaycan çoxvektorlu xarici siyasətə üstünlük verdiyini əməldə nümayiş etdirdi.

Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi, MDB çərçivəsində də qurumun yaratdığı perspektivlərdən faydalana bildi. Yeni müstəqilliyini elan etmiş ölkə kimi Azərbaycana başqa ölkələrlə sıx təmas qurmaq lazım idi. Ermənistan istisna olmaqla, digər MDB üzvləri ilə qarşılıqlı maraqlara əsaslanan ikitərəfli  münasibətlər quran Azərbaycan Ermənistanın imicinə ciddi zərbə vura bildi. Bakı MDB-yə üzv olmaqla özünə diplomatiyada yeni tərəfdaşlar qazandı və Ermənistanı müdafiə edən bəzi MDB ölkələri artıq açıq şəkildə Azərbaycanı müdafiə etməyə başlamışdı. Belarus və Qazaxıstanı buna nümunə göstərmək olar.  

Düzdür, Azərbaycan MDB-nin tamhüquqlu üzvü olduqdan və "Kollektiv təhlükəsizlik" haqqında müqaviləyə qoşulduqdan sonra da Ermənistan öz təcavüzünü davam etdirirdi. Lakin Bakının təcavüzkarı ifşa etmək imkanı yaranmışdı. MDB sammitləri zamanı Bakı işğala məruz qaldığını sübut etmək üçün yeni tribuna əldə edə bilmişdi və şansdan yararlanırdı.

24 dekabr 1993-cü ildə Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən İrəvanın işğalçı olduğunu diqqətə çatdırmışdı: "...Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir. MDB-nin üzvü və "Kollektiv təhlükəsizlik" haqqında müqavilənin iştirakçısı olan Ermənistan Respublikasının başqa dövlətə, birliyin onun kimi tamhüquqlu üzvü olan dövlətə - Azərbaycan Respublikasına qarşı təcavüz etməsi yolverilməzdir".

Sonrakı mərhələdə də Heydər Əliyev Ermənistanın küncə sıxılmasına nail ola bildi. O, "Kollektiv təhlükəsizlik haqqında" müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağa dəvət edərək, MDB dövlət başçılarına müraciət etdi. Heydər Əliyev MDB ölkə başçılarını Ermənistanın Azərbaycana qarşı təcavüzünə siyasi qiymət verməyə çağırdı. MDB-yə üzvlük Bakıya geniş manevr imkanları verirdi. 6 yanvar 1994-cü il Cənubi Qafqazdakı Rusiya qoşunlarının komandanı, general-polkovnik Fyodor Reutla görüş keçirən Heydər Əliyev açıq bəyan etdi ki, daxili təhlükəsizlik təmin edilməsə, MDB ölkələrinin kollektiv təhlükəsizliyi və birgə əməkdaşlığı ola bilməz.

MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə bağlı məlumat verən Heydər Əliyev erməni silahlı qüvvələrinin hücumlarının səngimədiyini faktlarla sübuta yetirdir. 1997-ci ilin martında MDB Dövlət Başçıları Şurasının iclasında isə Heydər Əliyev bir milyard ABŞ dolları məbləğində silah-sursatın Rusiya tərəfindən əvəzsiz olaraq Ermənistana verilməsini iştirakçıların diqqətinə çatdırdı. Heydər Əliyev MDB iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasının 2 aprel 1999-cu il tarixli Moskva iclasında isə 1994-cü ilin may ayında atəşkəs  haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, indiyədək münaqişəyə son qoyulmadığını bildirdi və onun çıxışı MDB ölkə başçıları tərəfindən təqdir edildi.

MDB-yə üzvlüyün imkanlarından istifadə edən Heydər Əliyev 1999-cu ildə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə MDB-nin bir təşkilat olaraq siyasi qiymət vermədiyini əsas gətirərək, Azərbaycanın "Kollektiv təhlükəsizlik haqqında" müqavilədən "Kollektik Təhlükəzilik Müqaviləsi Təşkilatı) çıxdığını açıqladı. 

MDB üzvlüyündə qalan Azərbaycan mühüm bir tribunanı əldən vermədi. Bu gün də Azərbaycan MDB üzvüdür. Azərbaycanın MDB çərçivəsində fəaliyyəti Heydər Əliyev siyasi kursunun davamı kimi qiymətləndirilir. Bakı əldə etdiyi tribunadan istifadə edə bilir.

MDB-nin perspektivi onun bugünkü vəziyyəti ilə bilavasitə bağlıdır. Bu gün MDB mahiyyət etibarilə dövri olaraq dövlət başçılarının görüşlərinin keçirildiyi və onlara öz mövqelərini bir-birinə çatdırmağa imkan verən siyasi tribunadır.

MDB ölkələri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni, hüquqi  və digər sahələrdə əməkdaşlıq edir. MDB çərçivəsində 9 əməkdaşlıq istiqaməti mövcuddur. Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahə əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Nizamnamə orqanlarına Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər nazirləri Şurası, İqtisadi Məhkəmə,  Parlamentlərarası Assambleya, İcraiyyə Komitəsi, Müdafiə Nazirləri Şurası və Sərhəd Qoşunları Komandanları Şurası daxildir. Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

Azərbaycan Ermənistan istisna olmaqla, bütün MDB ölkələri ilə azad ticarət rejimi yaradıb, sərbəst sərmayə üçün hüquqi bazaya çıxış əldə edə bilib. Rəsmi Bakı MDB üzvlüyünə çoxvektorlu diplomatiyanın tərkib hissəsi kimi baxır. Bu cəhətdən, digər qurumlarla bərabər MDB ölkələri ilə əlaqələrini də genişləndirir. MDB-də olmaq Azərbaycanın mütəqilliyi üçün hər hansı təhlükə törətmir, illər də bunu sübut etdi. Əksinə, bu platforma uzun illər sıx münasibətdə olmuş keçmiş SSRİ ölkələri arasında mövcud münasibətləri saxlamaqla yanaşı, əməkdaşlığı daha da gücləndirməyə imkan verir.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date