Deputat: Rayonda insanlar sahibsiz itlərə görə gecələr küçəyə çıxa bilmir

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 26 yanvar 2023 15:30 (UTC +04:00)

“Həm paytaxtda, həm də regionlarda sahibsiz itlərlə bağlı çox ciddi problem mövcuddur. Bu heyvanlar üçün kifayət qədər sığınacaq yoxdur, həm də problemlə birbaşa məşğul olan aidiyyatı qurum yoxdur”.

APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Fatma Yıldırım bildirib.

Fatma Yıldırım bildirib ki, narahatedici məqam ondan ibarətdir ki, Bakı küçələrində və rayonlarda sahibsiz itlərin sayı günbəgün çoxalmaqda davam edir: “Biz mediadan, eləcə də sosial şəbəkələrdən də görürük ki, sahibsiz itlər insanlara zərər verirlər. Digər tərəfdən də, küçədə qalan heyvanların özləri də qayğıdan uzaqdırlar. Ona görə də, bu problemin həlli vacibdir.

Sahibsiz itlər arasında baxımsızlıqdan quduzluğa tutulmuşlar üstünlük təşkil edir. Millət vəkili olaraq təmsil etdiyim Bərdə rayonundan da bu məsələ ilə bağlı çoxsaylı müraciətlər alıram. İnsanlar gecələr təkbaşına küçəyə çıxmağa çəkinirlər və hara, hansı quruma müraciət edəcəklərini bilmirlər. Küçə itləri üçün xüsusi sığınacaqların yaradılmasına ciddi ehtiyac vardır. Dünya ölkələrində bununla bağlı kifayət qədər yaxşı təcrübə və nümunələr mövcuddur.

Sahibsiz itlərin sayının artdığını, regionlarda bu problemin açıq qaldığını nəzərə alaraq, bu istiqamətdə mühüm addımlar atılması vacibdir. Sığınacaqların yaradılması həm ekologiya, həm də insanların təhlükəsizliyi üçün faydalıdır. Hesab edirəm, fərdi qaydada heyvansevər vətəndaşlara da bu fürsəti vermək lazımdır ki, onlar lisenziyalar alaraq, sığınacaqlar yarada bilsinlər. Lakin bu bir tərəfli olmamalı, eyni zamanda dövlət qurumları bu istiqaməti təşviq etməli, bunun üçün də müəyyən dəstək mexanizmi olmalıdır. Çünki bu hamımız ortaq problemidir. Eyni zamanda, sığınacaqlarda könüllü işləmək istəyənlər bu işə cəlb olunaraq, onlara da fürsət verilməlidir.

Bilirsiniz ki, 1999-cu ildə Milli Məclis tərəfindən “Heyvanlar aləmi haqqında” qanun qəbul olunub. Mövcud qanunvericilikdə sahibsiz itlərlə bağlı müəyyən qaydalar müəyyən olunur. Amma bu qanun da təkmilləşdirilməli, dünya ölkələrinin təcrübəsi nəzərə alınmalıdır. Məsələn, qardaş Türkiyənin təcrübəsini ölkəmizdə də tətbiq etmək məqsədəuyğun olardı. Ötən il Türkiyə Parlamenti tərəfindən sahibsiz heyvanların hüquqlarının qorunması ilə əlaqədar qanun qəbul olundu. Bu qanunla heyvanlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ciddi tədbirlər nəzərdə tutulur. Bu baxımdan, bu kimi təcrübəni ölkəmizdə də tətbiq etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR