Əjdər Xanbabayevin anım günü keçirilib

Əjdər Xanbabayevin anım günü keçirilib
# 05 dekabr 2008 13:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Atatürk Mərkəzində görkəmli ziyalı, “Azərnəşr”in və “Yazıçı” nəşriyyatının direktoru, Dövlət Mətbuat Komitəsinin sədr müavini olmuş Əjdər Xanbabayevin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan millət vəkili Sabir Rüstəmxanlı Ə. Xanbabayevin Azərbaycanın milli ziyalılarından biri olduğunu qeyd edib. Onun sözlərinə görə, 1980-ci illərin sonunda Qarabağ münaqişəsi, Moskvada Azərbaycana qarşı hücumlar, Heydər Əliyevin əleyhinə təbliğatlar başlamasaydı, bəlkə də Əjdər Xanbabayevin taleyi başqa cür olardı. Millət vəkili Ə. Xanbabayevin həm də gözəl naşir və istedadlı publisist olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə bildirib ki, Ə. Xanbabayev qətlə yetirilən gün o, onunla bir yerdə olub: “Həmin gün mənim heç vaxt yadımdan çıxmır. Onun dəfni günü mitinq etməyə belə qoymadılar. Sonralar məlum oldu ki, insanlar hətta onun məzarı başında belə çıxış etməyə qorxurlar”.
Ə. Xanbabayev haqqında “Naşirin qətli” kitabının müəllifi olan millət vəkili Elmira Axundova isə bildirib ki, o, bu kitabı yazmaqdan əvvəl görkəmli ziyalının qətli ilə bağlı cinayət işi ilə tanış olub: “Mən bu romanın hissələrin “Literaturnaya qazeta”da çap etdirəndən sonra rəhmətlik Heydər Əliyev məni çağırdı və dedi ki, çox şadam ki, sən bu mövzuda və mənə qarşı hücumlar olan bir qəzetdə yazı dərc etdirmisən. Hamı bilirdi ki, Əjdər Xanbabayev Heydər Əliyevin Bakıya gəlməsinin qarşısını almaq üçün qətlə yetirilmişdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR