Ötən il Azərbaycanda istehlak olunmuş suyun haqqının yığım səviyyəsi 63%-i ötüb

Ötən il Azərbaycanda istehlak olunmuş suyun haqqının yığım səviyyəsi 63%-i ötüb
# 26 yanvar 2007 11:37 (UTC +04:00)
Ötən il “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Bakı şəhəri və Azərbaycanın digər şəhər və rayonlarında müxtəlif diametrli 240,8 km uzunluğunda su xətti və 113,1 km uzunluğunda kanalizasiya kollektoru quraşdırılıb, ümumi həcmi 9 850 kubmetr olan 16 su anbarı, 82 750 kubmetr olan 13 suqəbuledici kompleks, 4 kanalizasiya nasos stansiyası tikilib, 11 su nasos stansiyası quraşdırılıb, 1 üzən nasos stansiyası yenidən qurulub. Bu barədə APA-ya “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə Ceyranbatan Biləcəri istiqamətində diametri 1200 mm olan yeni su kəməri çəkilib. Bunun nəticəsində paytaxtın Xətai və Nizami rayonlarında əhalinin su təchizatı qrafikində fasilələrin müddəti azalıb və bəzi ərazilərə suyun daimi verilməsi təmin edilib. Həmçinin, Buzovna qəsəbəsində məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilib. Şüvəlan qəsəbəsindəki mövcud təmizləyici qurğuların yenidən qurularaq məhsuldarlığının sutkada 16 min kubmetrə çatdırılmaqla Bioloji Təmizləyici Qurğular Kompleksinə çevrilməsi ilə bağlı layihələndirmə işləri başa çatdırılıb.
Ötən il Qazax, Goranboy, Balakən, Ağsu, Qax, Oğuz, Gədəbəy, Daşkəsən, Dəvəçi, Qobustan, Gəlilabad və s. rayonlarda su təchizatında sabitliyin təmin olunması, istehlakçılara verilən suyun keyfiyyətini yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər yerinə yetirilib. Balakən, Zaqatala, Qax, Şəki və sair rayonlarında 64 artezian su quyusu qazılıb. Şəmkir şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün su mənbəyi və magistral su kəməri yenidən qurulub. Xanlar şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub və genişləndirilib. Hazırda Daşkəsən şəhərinin kanalizasiya sistemlərinin yenidən qurularaq genişləndirilməsi ilə bağlı işlər aparılır.
Bunlardan əlavə 196,8 km uzunluğundan istismara yararsız su xətti, 18 km uzunluğunda kanalizasiya xətti əsaslı təmir olunub, 941 elektrik mühərriki və 743 su nasosları yenisi ilə əvəz edilib, 26,8 km uzunluğunda elektrik kabeli dəyişdirilib. Ümumi həcmi 249,7 min kubmetr olan su anbarları yuyulub və zərərsizləşdirilib, 14 369 ünvanda kanalizasiya xətlərində baş verən qəza hadisələri aradan qaldırılıb.
Hesabat dövründə istehlakçılara göstərilən xidmət haqqının yığım səviyyəsində artım müşahidə olunub. Bu göstərici dekabr ayında 82,4%-ə, o cümlədən əhali üzrə 51,1%-ə, müəssisə və təşkilatlar üzrə 120,4%-ə çatdırılıb. İlin yekununa görə, ümumilikdə yığım səviyyəsi 63,1% təşkil edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR