“Narkomanlığın yayılmasının qarşısının alınmasında KİV-in rolu” mövzusunda konfrans keçirilib

“Narkomanlığın yayılmasının qarşısının alınmasında KİV-in rolu” mövzusunda konfrans keçirilib
# 19 iyun 2008 11:11 (UTC +04:00)
SKAD proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev deyib ki, hər il iyun ayının 26-sı BMT-nin Narkotiklərin Sui-istifadəsi və Qanunsuz Ticarəti Əleyhinə Beynəlxalq Gün kimi qeyd olunur və bütün dünyada olduğu kimi, Azərbaycanda da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycanın narkomaniyaya, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədə fəal şəkildə iştirak etdiyini bildirən M. Əfəndiyev deyib ki, bu gün dünyada 200 milyondan çox narkotik maddələrin qəbulundan əziyyət çəkən xəstə var. O, Azərbaycanda da bu problemin narahatlıq doğurduğunu qeyd edib. M. Əfəndiyevin sözlərinə görə, son illərdə Azərbaycanda hüquq-mühafizə orqanları qeyri-qanuni dövriyyədən 10-dan çox müxtəlif növ narkotik maddələr çıxarıblar. O, Azərbaycanda narkotik maddə istifadəçiləri arasında gəncləşmə prosesinin müşahidə olunduğunu, hazırda bu zərərli vərdişə yiyələnənlərin aşağı yaş həddinin 18-ə endiyini bildirib. Proqram rəhbəri narkomaniyaya qarşı mübarizə sahəsində, narkotik vasitələrin yayılmasının qarşısının alınması üçün daha ciddi tədbirlər görməyə ehtiyac olduğunu deyib. M. Əfəndiyev yaxın zamanlarda narkotiklərin yayılmasının qarşısının alınmasında təbliğat işlərinin gücləndirilməsi ilə bağlı ən yaxşı məqaləyə və proqrama görə KİV əməkdaşları arasında müsabiqə elan olunacağını da nəzərə çatdırıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, narkomaniyaya mübtəla olan, həyat və sağlamlıqlarını məhv edən, özləri və cəmiyyət üçün problem yaradanların sayı artır. Nazirliyin əsas fəaliyyət istiqamətlərindən birinin gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomanlığın profilaktikası sahəsində iş aparılması olduğunu bildirən A. Rəhimov bununla bağlı çoxlu sayda tədbirlərin keçirildiyini deyib. Keçirilən tədbirlərdə gənclərin passivlik göstərdiklərini qeyd edən nazir KİV-i zərərli vərdişlərin profilaktikası, narkomaniya ilə bağlı məlumatlara daha çox yer ayırmağa çağırıb. Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Avropa İttifaqının narkotik maddələrin profilaktikası üzrə eksperti Riçard İves çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR