450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub 

450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub 
# 21 yanvar 2022 16:29 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşaq ödənişsiz müalicə olunur. Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur.

Bu barədə APA-ya agentlikdən bildirilib.

Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.

Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.

Sözügedən müalicə üsuluna başlamazdan əvvəl uşaqda böyümə geriliyinin səbəbi müəyyən olunmalıdır. Böyüməyə təsir edən amildən birincisi genetik faktorlardır. Hər bir uşağın boyu hər iki valideynlərindən alınan gen qrupu ilə təmin edilir. İkinci amil qidalanmadır. Əgər qidalanma pozğunluğu varsa, ilk növbədə bu düzəldilir. Hormon çatışmazlığı varsa, çatışmayan hormon ilə müalicə problemi həll edilir. Hormon terapiyasında tətbiq edilən müalicənin ciddi yan təsirlərinin ola biləcəyi bəzi insanları narahat edir. Ancaq hormon yalnız müəyyən analizlərdən sonra uşaqda hormon çatışmazlığı aşkar edildikdə istifadə olunur. Əks halda, hər bir qısa boylu uşağın hormon terapiyasından faydalanacağına dair bir qayda yoxdur. Böyümə geriliyində istifadə edilən böyümə hormonu sümüklərin qığırdaqlarına təsir edən bir hormon olduğundan fərqli yan təsirlər göstərmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR