Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb
# 16 avqust 2022 11:18 (UTC +04:00)

Bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20229 subbakalavr müraciət edib.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 19295 nəfər ərizə təqdim etmişdi.

"Ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il daha az subbakalavrın ali təhsil müəssisəsinə qəbul olacağı gözlənilir. Çünki abituriyentlərin nəticələri daha yüksəkdir, onlar yerləşdiriləndən sonra subbakalavrlara daha az yer qalacaq. Müxtəlif qruplarda bu, müxtəlif rəqəmlər ola bilər. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur.

Bu gün saat 15:00-da abituriyentlər üçün ayrıca canlı yayım edəcəyik və hər ixtisas qrupu üzrə müsabiqə vəziyyəti təhlil ediləcək, məsləhət veriləcək.

Bundan başqa, avqustun 15-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Qəbul olunan şəxslər 2022-ci il 18 avqust 10:00-dan 30 avqust saat 23:59dək elektron qaydada https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat avqustun 17-dək davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR