Astarada güclü külək nəticəsində bir sıra fəsadlar qeydə alınıb.
Astara şəhər icra nümayəndəsi Şahverən Cavadov APA-nın cənub bürosuna bildirib ki, dünən axşam saatlarından əsən güclü külək, Astara rayonunun təsərrüfatlarına, əsasən elektrik təsərrüfatına, yaşayış binalarına və digər strukturlara ciddi ziyan vurub. Şəhərin mərkəzində, Səməd Vurğun küçəsində 4 mərtəbəli binada, 95 nəfərin yaşadığı 32 mənzilli binanın dam örtüyünü (təqribən 500 kvadratmetr) güclü külək yerə salıb.
Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə aidiyyatı qurumlar tərəfindən ilkin və təxirəsalınmaz tədbirlər görülür. Xeyli sayda elektrik dirəkləri aşıb, bəziləri yararsız hala düşüb. Şəhər mərkəzində elektrik verilişi bərpa edilib.
Bundan başqa, rayonun bir neçə kəndində meşə yanğınları olub. Ağaclara ciddi ziyan dəyməsə də, Ovala kəndində təqribən 2 ha sahədə, Təxtənəkəran və Tüləgivan kəndlərində 1 ha sahədə, Çayoba kəndində 1,4 ha sahədə yanğın qeydə alınıb. Yanğınlar FHN aidiyyatı qurumları tərəfindən tam söndürülüb. Hazırda rayon ərazisində təmir – bərpa işləri davam edir.
Qeyd edək ki, hazırda bölgədə külək səngiyib və yağışlı hava şəraiti müşahidə olunur.