Azərbaycan və Pakistan arasında sosial sahədə əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında sosial sahədə əməkdaşlıq genişlənir
# 21 sentyabr 2022 10:50 (UTC +04:00)

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında videokonfrans formatında görüş olub.

Nazirlikdən APA-ya bildirilib ki, Sahil Babayev Azərbaycan və Pakistan dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

O, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında Pakistanın Azərbaycana daimi siyasi və mənəvi dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, bu dəstəyə görə minnətdarlığını ifadə edib.

Nazir Pakistanda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa diləyib. O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatlar barədə ətraflı danışıb. DOST mərkəzləri, həmçinin xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Nazir iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

O, bu ilin may ayında imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Sacid Hüsseyn Turi Pakistan və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında genişlənən əlaqələrin fonunda gələcəkdə iki nazirliyin əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR