Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb

Elmira Qədimova

© APA | Elmira Qədimova

# 21 yanvar 2022 13:18 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1 nəfərində olur. Hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova bildirib. Onun sözlərinə görə, tədqiqatların nəticələri isə göstərir ki, son 30 ildə bu xəstələrin sayı durmadan artmaq üzrədir. Buna səbəb diaqnostikanın yaxşılaşması, əvəzedici terapiyanın geniş sürətdə tətbiqi və nəticə etibarı ilə xəstələrin ömürlərinin uzanmasıdır: “Hazırda Azərbaycanda 1737 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar.

Xəstəlik Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda çox yayılıb. Hemofiliya irsi genetik xəstəlik olduğu üçün, daima müşahidə olunan qanaxma və qansızmalar əvəzedici terapiya ilə müalicə olunur. Buna görə bu xəstələrin daimi əlillik və ölüm riski ola bilər”.

Həkim deyib ki, hemofiliyalı qadın əvəzedici terapiya (VIII, IX, Villebrand faktor preparatları) fonunda dünyaya övlad gətirə bilər: "Elmi-Praktiki Hemofiliya Mərkəzində hər il orta hesabla 4-5 xəstə qadın ana olur. Hemofiliyanın əsas klinik əlaməti hematom tipli qanaxmalardır. Qanaxmalar bir çox hallarda travmalar nəticəsində əmələ gəlir və adətən dərhal deyil, travmadan bir neçə saat (1-5 saat) sonra müşahidə edilir. Gecikmiş qanaxmalar xəstəliyin xarakter simptomlarındandır. Bəzən bir neçə gün keçdikdən sonra da qanaxmalar ola bilər”.

Ekspert qeyd edib ki, hemofiliyanın nəslə verilməsinin 3 variantı mövcuddur: Ana sağlam, ata hemofiliyalı xəstə olduqda doğulan oğan uşaqlarının hamısı sağlam, qızların hamısı isə ötürücü olurlar. Ata sağlam, ana daşıyıcı olduqda oğlan uşaqları 50% ehtimalı ilə həm sağlam, həm xəstə, qız uşaqları 50% ötürücü və sağlam ola bilərlər. Ata hemofiliyalı xəstə, ana daşıyıcı olduqda xəstə və sağlam oğlanlarla yanaşı, qızların bir qismi daşıyıcı,bir qismi isə hemofiliyalı xəstə ola bilərlər:

Hemofiliyalı xəstələrə tərkibində qan duruldan maddələr olan dərman preparatlarının (aspirin, parasetamol, iltihab əleyhinə qeyri steroid dərman preparatları) qəbulu və əzələdaxili inyeksiyalar qadağandır. Ondan başqa, ağır fiziki yüklənmə, bəzi idman növləri (futbol, basketbol, güləş, boks və s.) qadağandır. Ağır formalı hemofiliyalı xəstələrin orta təhsilini ev şəraitində almaqları məqsədəuyğundur. Əgər xəstə travma alıbsa, dərhal travma yerinə buz qoymalı, faktor konsentratı vena daxilinə yeridilməlidir. Erkən yaşlı uşaqlar itiuclu, sərt oyuncaqlardan uzaq tutulmalı, uşaq oynayan məkan yumşaq döşənilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR