Azərbaycanda "Study UK" məzun mükafatları 2021-22 müsabiqəsinin qalibləri məlum olub - FOTO

Azərbaycanda "Study UK" məzun mükafatları 2021-22 müsabiqəsinin qalibləri məlum olub  - FOTO
# 28 yanvar 2022 20:23 (UTC +04:00)

"British Council" və Britaniya Səfirliyi Azərbaycanda "Study UK" məzun mükafatları 2021-22 müsabiqəsinin qaliblərini elan edib.

APA-nın xəbərinə görə, mükafatlandırma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxış edib.
“Artıq üçüncü ildir “Study UK” Məzun Mükafatları üçün finalçıları seçmək imkanını əldə edirəm və namizədlərin keyfiyyəti və öz sahələrinə fədakarlığı məni heyran etməyə davam edir. Birləşmiş Krallıqda bilik və bacarıqlarını inkişaf etdirən və öyrəndiklərini öz sahələrində tətbiq etmək üçün Azərbaycana qayıdan bütün bu gəncləri görmək çox gözəldir. Onların hamısına gələcəkdə böyük uğurlar arzulayıram", səfir bildirib.

Tədbirdə çıxış edən "British Council"in Azərbaycandakı direktoru Frensis Qardener-Trexo bildirib ki, təhsil mübadiləsi Birləşmiş Krallığın Azərbaycanla strateji əlaqələrinin mühüm tərkib hissəsidir: "Azərbaycanın Birləşmiş Krallıq məzunlarından ibarət şəbəkəsinin miqyası genişdir və onların bir çox sektorlar üzrə töhfələri ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynamışdır. Study UK Məzun Mükafatları həqiqətən görkəmli şəxsləri qeyd etmək və onların nailiyyətlərinin əldə edilməsində Birləşmiş Krallıq təhsilinin rolunu etiraf etmək üçün bir fürsətdir", o deyib.

Qeyd edək ki, 12 finalçı iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri böyük nailiyyətlərin, eləcə də Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə verdikləri mühüm töhfələrin nəzərə alınması ilə dünyanın hər yerindən müraciət etmiş 1200-dən artıq müraciətçi arasından seçilib. Mükafatın beş qalibi isə "Elm və Davamlılıq" (Rauf Cabbarov), "Mədəniyyət və Yaradıcılıq" (Lalə Əliyeva), "Sosial Fəaliyyət" (Türkan Əliyeva), "Biznes və İnnovasiya" (Musa Əfəndiyev) kateqoriyaları üzrə seçilib.

Artıq səkkiz ildir keçirilən müsabiqəyə 100-dən çox ölkədən olan və Birləşmiş Krallıqda təhsil almış məzunlar Birləşmiş Krallığın müxtəlif yerlərində olan 140-dən artıq ali təhsil müəssisəsini təmsil edərək qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR