Bakı-2019-la bağlı yol polisi gücləndirilmiş rejimdə çalışacaq - MÜRACİƏT

Bakı-2019-la bağlı yol polisi gücləndirilmiş rejimdə çalışacaq - MÜRACİƏT
# 17 iyul 2019 12:36 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

Bildirilib ki, tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

“Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar. Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər. Belə ki, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR