Baş Prokurorluq əməkdaşları Portuqaliyada narkotikdən istifadəyə qarşı mübarizə sistemi ilə tanış olub

Baş Prokurorluq əməkdaşları Portuqaliyada narkotikdən istifadəyə qarşı mübarizə sistemi ilə tanış olub
# 23 yanvar 2023 11:14 (UTC +04:00)

Narkomaniyanın qlobal problem olaraq qaldığını, ona qarşı mübarizənin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmasını nəzərə alaraq, sistemli yanaşma və müsbət təcrübənin öyrənilməsi məqsədilə Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti Avropa Birliyinin TAIEX proqramı çərçivəsində 16-18 yanvar tarixlərində Lissabon şəhərində səfərdə olub.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib

Səfərdə iştirak edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin əməkdaşları - Anar Nəsibov, Murad Vəliyev, Vüsal Abdullayev və Valeh Ələkbərov Portuqaliya Respublikasının Narkomaniya ilə mübarizə üzrə milli koordinatoru və Narkomanların Davranışı və Asılılığına Müdaxilə Baş İdarəsinin (SICAD) rəhbəri Joao Goulao və Ədliyyə Polisinin Narkotik Satışı ilə Mübarizə Milli Birliyinin (UNCTE) direktoru Artur Vaz ilə görüşlər keçiriblər.

Görüş çərçivəsində narkotiklərlə mübarizənin hüquqi aspektləri, narkotik maddə asılılığından əziyyət çəkən şəxslərin müalicəsi istiqamətində milli fəaliyyət planları və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib.

Səfərin növbəti mərhələsində nümayəndə heyəti Portuqaliya Respublikası Baş Prokurorluğunun inzibati binasının yerləşdiyi Palmela sarayı ilə tanış olmuş, Prokurorluğun Cinayət işləri üzrə İstintaq və Əməliyyat İdarəsinin prokurorları ilə görüşərək ətraflı fikir mübadiləsi aparılmış, narkotiklərlə mübarizə sahəsində Portuqaliya və Azərbaycan qanunvericiliyinin oxşar və fərqli cəhətləri, effektiv mübarizə, qarşılıqlı əməkdaşlıq istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Bundan basqa, əməkdaşlarımız Avropa Birliyinin Narkotiklər və Narkotikdən Asılılığın Monitorinqi Mərkəzinin (EMCDDA) nümayəndələri və digər aidiyyəti qurumların məsul əməkdaşları ilə görüşlər keçirib.

Səfər çərçivəsində nümayəndə heyətinə narkotik vasitələr və psixotrop maddələrdən istifadə ilə mübarizə sahəsində Avropa Birliyinin digər dövlətləri ilə Portuqaliya təcrübəsi arasında mövcud fərqlər, onların üstün və zəif cəhətləri, həmçinin, əldə olunmuş nailiyyətlərlə bağlı geniş məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR