Himayədar ailələrə verilmiş uşaqların və himayədar ailələrin elektron qeydiyyatı aparılacaq

Himayədar ailələrə verilmiş uşaqların və himayədar ailələrin elektron qeydiyyatı aparılacaq
# 02 may 2023 13:29 (UTC +04:00)

Himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu aparılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır.

Vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:

- himayədar ailələrə verilmiş uşaqların soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan;

- himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar;

-uşağın əvvəllər qəyyumluğa (himayəyə), himayədar ailəyə və ya övladlığa verilib-verilməməsi barədə məlumatlar;

- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;

- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) məhkumluğunun olub-olmaması barədə məlumatlar;

- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumatlar;

- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmaması barədə məlumatlar;

- uşağın himayədar ailəyə verilməsi barədə müqavilənin müddəti barədə məlumat.

Himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” qanuna uyğun olaraq əldə edilir.

Qeyd edilən məlumatlar himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır.

Himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) qeyd olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.

Vahid informasiya bazasında uçota alınmış himayədar ailəyə verilmiş uşaqlar uşağın himayədar ailəyə verilməsinə dair müqavilə ləğv edildikdə uçotdan çıxarılırlar.

Himayədar valideynlər aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən uçotdan çıxarılırlar:

-öz müraciətləri əsasında;

- vəfat etdikdə və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

-bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etdikdə, bir il müddətinə;

- müsahibədən himayədar valideyn olmaqla bağlı məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən keçmədikdə;

-cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;

-bu Məcəllə ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;

-barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;

-ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduqda;

-yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olduqda;

-himayədar ailəyə verilmiş uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldildikdə;

- uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edildikdə.

Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) notarial qaydada təsdiq edilmiş ərizəsi bu Məcəllədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edildiyi andan himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) uçota alınır. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizəsinin forması və həmin ərizədə əks olunmalı olan məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) həmin məlumatları yeniləməklə, yeni ərizə ilə bu Məcəlləyə uyğun olaraq yenidən müraciət etməlidir.

Uçotdan çıxarılmış şəxslər azı 1 il keçdikdən sonra himayədar ailə olmaq üçün təkrar müraciət edə bilərlər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR