“İnsan genetikası sahəsində dünyanın bir çox elmi mərkəzləri ilə yanaşı, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfiziologiya İnstitutu və başqaları ilə əməkdaşlıq müqavilələri imzalanmış və hazırda birgə tədqiqatlar aparılmaqdadır”.
APA xəbər verir ki, bunu AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib.
O bildirib ki, 2021-ci ildə İnsan genetikası laboratoriyasında “İrsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik və epigenetik tədqiqi, diaqnostik və proqnostik əhəmiyyətli mutasiyaların müəyyənləşdirilməsi” istiqamətində tədqiqatlar davam etdirilərək bir sıra mühüm elmi nəticələr əldə edilib: “Yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrin toxuma nümunələrində müxtəlif genlər üzrə 10 mutasiya aşkar edilərək tipləri müəyyən edilib. Düşen əzələ distrofiyası xəstəliyi üzrə üç mutasiya aşkar edilib. İnsan genetikası sahəsində tədqiqatlar genom və ekzom səviyyəsində davam etdirilməkdədir”.
Genom sahəsində aparılan tədqiqatlardan danışan Z.Əkpərov bu zaman əldə edilən böyük həcmdə verilənlərin müasir kompüter proqramlarının köməyi olmadan analiz etmək zərurətinin yarandığını diqqətə çatdırıb.
Baş direktorun sözlərinə görə, əldə edilən elmi biliklərin təcrübi əhəmiyyətini artırmaq, eləcə də tibbi genetika sahəsində klinikaların tələbatını ödəmək, xüsusilə xaricə göndərilən valyutanın ölkədə qalmasını təmin etmək məqsədilə 2016-cı ildən başlayaraq institutda kök hüceyrəsi sahəsində müasir səviyyədə tədqiqatların aparılması üçün müxtəlif ölkələrin elmi mərkəzləri ilə elmi əməkdaşlıq əlaqələri yaradılıb:
"2018-2020-ci illərdə AMEA tərəfindən maliyyələşdirilən “Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF-α vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhəmiyyəti” adlı elmi-tədqiqat proqramı uğurla həyata keçirilərək kök hüceyrəsi üzrə elmi baza formalaşdırılıb, ABŞ, Fransa və Türkiyədən olan tərəfdaşların köməkliyi ilə kadr hazırlığı həyata keçirilib” - o qeyd edib.