Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb
# 14 fevral 2023 09:58 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Lənkəran, Xaçmaz və Astara rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov APA-ya bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala şəhər sakini Yasər Yusubov, Xaçmaz rayon sakinləri Tacir Kəlbixanov, Ravil Əlixanov, Lənkəran rayon sakini Əlizadə Əliyev, Astara rayon sakini Ramiz Rəhmanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 460 metr uzunluğunda 5 ədəd sintetik tor yığışdırılıb: “Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Qusar rayon sakini Namik Sərkərov, Gəncə şəhər sakini Niyaməddin Vəliyev, Şirvan şəhər sakini Samir Məmmədov, Bakı şəhər sakini Səməd Səmədzadə, Masallı rayon sakini Elvin Əkbərov, Ağcabədi rayon sakinləri Şaiq Ələkbərov və Şıxəli Vəliyev saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR