Terminologiya Komissiyası 3 lüğət nəşr edib

Terminologiya Komissiyası 3 lüğət nəşr edib
# 27 dekabr 2021 13:09 (UTC +04:00)

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə bu il 3 lüğət nəşr olunub.

APA-nın məlumatına görə, lüğətlərdən biri filologiya elmləri doktoru Səbinə Alməmmədova tərəfindən “İngiliscə-azərbaycanca-rusca-türkcə texniki abreviaturalar lüğəti”dir. Lüğətdə 85000-dən çox termin toplanıb və onların dörd dildə ekvivalentləri verilib.

Digər lüğət professor Kənan Yusif-zadənin tərtib etdiyi “Tibbi terminlərin izahlı lüğəti”dir. Lüğət iki hissədən ibarətdir. Birinci hissə “Tibbi terminlər və onların izahı”, ikinci hissə isə “ Tibbi-laborator terminlər və onların izahı” adlanır. Lüğətə hazırda tibb elmində işləklik qazanan terminlərlə yanaşı, yeni terminlər də daxil edilib.

Bundan başqa elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranıb. Bu tələblər nəzərə alınaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev və İqtisadiyyat və tikinti normaları şöbəsinin müdiri Eldar Nuriyev tərəfindən “Rusca-azərbaycanca inşaat terminləri lüğəti” tərtib edilib. Təqdim olunan lüğətdə inşaatda istifadə olunan terminlər toplanıb və ikidilli rusca-azərbaycanca yeni lüğət hazırlanıb. Lüğətdə 5000-dən çox termin toplanmış və onların azərbaycanca ekvivalentləri verilib.

Qeyd edək ki, daha 4 lüğət isə nəşrdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR